
Bakı. Trend:
Azərbaycanda son bir həftə ərzində ağacların qanunsuz kəsilməsi
nəticəsində yaşıllıqlara 211 350 manat məbləğində ziyan dəydiyi
müəyyən edilib.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat
verilib.
Bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin
əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət
tədbirləri zamanı Bakı şəhəri, Abşeron, Xaçmaz, Zaqatala, Zəngilan
və Qəbələ rayonları ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi
faktları aşkar olunub.
Araşdırma zamanı Bakı şəhəri Nəsimi rayonu Azər Əliyev küçəsi
ilə Tbilisi prospektinin kəsişməsində, Nəsimi rayonu Səməd Vurğun
küçəsi ilə Vaqif prospektinin kəsişməsində, Nəsimi rayonu İmran
Qasımov, Mirəli Qaşqay və Mirəsədulla Mirqasımov küçələrinin
kəsişməsində, Abşeron rayonu Saray qəsəbəsində, Xaçmaz rayonu
Mürşüdoba kəndi, Zaqatala rayonu Muğanlı kəndi, Zəngilan rayonu
Mincivan qəsəbəsi ərazisində və Qəbələ-Oğuz avtomobil yolunun
Zərgərli kəndindən keçən hissəsində ağacların qanunsuz kəsilməsi
nəticəsində yaşıllıqlara 211350 manat məbləğində ziyan dəydiyi
müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət
tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün
toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

