Azərbaycan rəqəmsal inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edib – Şərh

Baş səhifə

Bakı. Trend:

XXI əsrdə rəqəmsal texnologiyaların sürətli inkişafı dövlət
idarəçiliyindən iqtisadiyyata, təhsildən səhiyyəyə qədər bütün
sahələrdə köklü dəyişikliklərə səbəb olur. Süni intellekt, böyük
verilənlər, bulud texnologiyaları və kibertəhlükəsizlik artıq
yalnız informasiya-kommunikasiya texnologiyalarının tərkib hissəsi
deyil, həm də iqtisadi inkişafın, milli təhlükəsizliyin və
dövlətlərin qlobal rəqabət qabiliyyətinin əsas göstəricilərindən
hesab edilir. Bu baxımdan rəqəmsal transformasiya müasir dövlət
siyasətinin ən vacib istiqamətlərindən biri kimi çıxış edir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Müdafiə,
təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat
Mahir Süleymanlı deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda rəqəmsal
inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi
müəyyənləşdirilib. Onun sözlərinə görə, məqsəd yalnız dövlət
xidmətlərinin elektronlaşdırılması deyil, bütövlükdə idarəetmə
sisteminin müasirləşdirilməsi, iqtisadiyyatın innovativ əsaslar
üzərində inkişafı, insan kapitalının gücləndirilməsi və rəqəmsal
texnologiyaların bütün sahələrdə geniş tətbiqidir.

M.Süleymanlı qeyd edib ki, bu strateji yanaşmanın mühüm tərkib
hissəsi kimi 2026-cı ilin fevral ayında Prezident
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə ölkənin rəqəmsal
gələcəyini müəyyən edən mühüm qərarlar qəbul olunub. O bildirib ki,
həmin qərarlar əsasında yaradılan Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf Şurası rəqəmsallaşma sahəsində dövlət siyasətinin
vahid koordinasiya mexanizmini formalaşdırıb. Deputatın sözlərinə
görə, Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının
fəaliyyətini əlaqələndirmək, innovativ həllərin tətbiqini
sürətləndirmək və rəqəmsal inkişafın strateji istiqamətlərini
müəyyən etməkdir.

Deputat vurğulayıb ki, bu istiqamətdə qəbul edilmiş ən mühüm
sənədlərdən biri Prezident İlham Əliyevin 27 fevral 2026-cı
il
tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan
Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair
2026–2028-ci illər üçün Fəaliyyət Planı” olub. O
bildirib ki, bu sənəd qarşıdakı üç il üçün rəqəmsal
transformasiyanın əsas hədəflərini, icra mexanizmlərini və
prioritet istiqamətlərini müəyyən edir. Onun sözlərinə görə,
Fəaliyyət Planı dövlət idarəçiliyinin rəqəmsallaşdırılması,
innovasiya ekosisteminin inkişafı, süni intellekt
texnologiyalarının tətbiqi və milli kibertəhlükəsizlik sisteminin
gücləndirilməsini əsas məqsədlər kimi qarşıya qoyur.

M.Süleymanlı diqqətə çatdırıb ki, iyunun 29-da
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən
Rəqəmsal İnkişaf Şurasının ilk iclası da bu sahədə görülən işlərin
qiymətləndirilməsi və qarşıdakı dövrün prioritetlərinin
müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. O qeyd
edib ki, iclasda Fəaliyyət Planının icrası, qanunvericilik
bazasının təkmilləşdirilməsi, təhsil sisteminin
rəqəmsallaşdırılması, innovasiya layihələrinin genişləndirilməsi və
süni intellekt texnologiyalarının tətbiqi geniş müzakirə
olunub.

Deputat bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyeva
çıxışında vurğulayıb ki, Şuranın prioritetləri dövlət
idarəçiliyində rəqəmsallaşmanın, süni intellektin,
kibertəhlükəsizliyin və innovasiya ekosisteminin inkişafı, eləcə də
investisiyaların və startapların dəstəklənməsidir. O əlavə edib ki,
Birinci vitse-prezident Mehriban Əliyeva süni intellektin strateji
əhəmiyyətini vurğulayaraq, bütün qərarların Azərbaycanın milli
maraqlarına uyğun qəbul edilməsinin vacibliyini bildirib.

M.Süleymanlının sözlərinə görə, hazırda həyata keçirilən
islahatların mərkəzində vətəndaş yönümlü dövlət xidmətlərinin
formalaşdırılması dayanır. O qeyd edib ki, bu məqsədlə “mygov” və “mygov Biznes” platformalarının imkanları genişləndirilir. Deputat
bildirib ki, ayrı-ayrı dövlət qurumlarının elektron xidmətlərinin
vahid platformada birləşdirilməsi vətəndaşların dövlət xidmətlərinə
çıxışını asanlaşdırır, vaxt itkisini minimuma endirir və
xidmətlərin keyfiyyətini yüksəldir.

Deputat vurğulayıb ki, rəqəmsallaşmanın mühüm istiqamətlərindən
biri də proaktiv dövlət xidmətlərinin tətbiqidir. O bildirib ki, bu
yanaşma nəticəsində vətəndaş bir çox hallarda dövlət qurumuna
müraciət etmədən, mövcud informasiya bazaları əsasında avtomatik
xidmət əldə edə bilir. Onun sözlərinə görə, pensiya təyinatı,
sosial ödənişlər, müxtəlif bildirişlər və digər xidmətlərin
mərhələli şəkildə proaktiv formada təqdim olunması dövlət
idarəçiliyində yeni keyfiyyət mərhələsinin formalaşdığını
göstərir.

M.Süleymanlı qeyd edib ki, rəqəmsal transformasiya yalnız dövlət
xidmətlərinin elektronlaşdırılması ilə məhdudlaşmır. O bildirib ki,
innovasiya ekosisteminin gücləndirilməsi də həyata keçirilən
islahatların əsas istiqamətlərindən biridir. Deputatın sözlərinə
görə, hazırlanmış qanunvericilik paketi texnologiya şirkətlərinin
inkişafını stimullaşdırmaq, vençur kapitalı bazarını
formalaşdırmaq, startapların maliyyələşdirilməsini genişləndirmək
və xarici investisiyaların cəlbini artırmaq məqsədi daşıyır.

Deputat bildirib ki, bu çərçivədə rəqəmsal texnologiyalar və
süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlər üçün
uzunmüddətli vergi güzəştlərinin tətbiqi, “Rəqəmsal Səyyah”
vizasının yaradılması, innovativ məhsulların dövlət
satınalmalarında dəstəklənməsi və tədqiqat fəaliyyətinin
stimullaşdırılması Azərbaycanın regionun aparıcı texnologiya
mərkəzlərindən birinə çevrilməsi üçün mühüm imkanlar yaradır.

M.Süleymanlı vurğulayıb ki, süni intellekt texnologiyalarının
inkişafı da dövlət siyasətinin əsas prioritetləri sırasındadır. O
bildirib ki, bu sahədə milli hesablama infrastrukturunun
yaradılması, dövlət xidmətlərində süni intellekt əsaslı həllərin
tətbiqi, virtual köməkçilərin istifadəyə verilməsi və innovativ
layihələrin sınaqdan keçirilməsi üçün hüquqi mexanizmlərin
hazırlanması davam etdirilir.

Deputat qeyd edib ki, süni intellektin dövlət idarəçiliyində
tətbiqi qərarların daha operativ qəbul edilməsinə, xidmətlərin
keyfiyyətinin yüksəldilməsinə, dövlət resurslarından daha səmərəli
istifadəyə və vətəndaş məmnuniyyətinin artırılmasına xidmət edir. O
əlavə edib ki, eyni zamanda, bu texnologiyalar iqtisadiyyatın
müxtəlif sahələrində məhsuldarlığın artırılmasına və yeni innovativ
həllərin tətbiqinə geniş imkanlar yaradır.

M.Süleymanlı bildirib ki, rəqəmsal transformasiyanın uğurlu
həyata keçirilməsi güclü kibertəhlükəsizlik sisteminin
formalaşdırılmasını da zəruri edir. Onun sözlərinə görə, bu
məqsədlə Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, kritik
informasiya infrastrukturunun qorunması, Milli CERT və
Təhlükəsizlik Əməliyyatları Mərkəzinin fəaliyyətə başlaması,
kibertəhlükəsizlik üzrə hüquqi bazanın təkmilləşdirilməsi və süni
intellekt əsaslı müdafiə sistemlərinin tətbiqi istiqamətində mühüm
addımlar atılır.

Deputat qeyd edib ki, təhsil sahəsində həyata keçirilən rəqəmsal
islahatlar gələcəyin insan kapitalının formalaşdırılmasına xidmət
edir. O bildirib ki, “Rəqəmsal məktəb”, “Rəqəmsal bacarıqlar” və “STEAM Azərbaycan” layihələri minlərlə şagirdə müasir
texnologiyalar sahəsində bilik və bacarıqlar qazandırır.
M.Süleymanlının sözlərinə görə, elektron təhsil xidmətlərinin
genişləndirilməsi, rəqəmsal sənədlərin tətbiqi və süni intellekt
əsaslı tədris metodlarının hazırlanması təhsilin keyfiyyətinin
yüksəldilməsinə mühüm töhfə verir.

Deputat sonda vurğulayıb ki, həyata keçirilən kompleks
islahatlar təsdiqləyir ki, Azərbaycan rəqəmsal inkişafı dövlət
siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edib. Onun
sözlərinə görə, rəqəmsallaşma, innovasiya, süni intellekt və
kibertəhlükəsizlik sahələrində görülən ardıcıl tədbirlər dövlət
idarəçiliyinin müasirləşdirilməsinə, iqtisadiyyatın rəqabət
qabiliyyətinin artırılmasına, vətəndaşlara göstərilən xidmətlərin
keyfiyyətinin yüksəldilməsinə və yüksək texnologiyalar əsasında
dayanıqlı inkişaf modelinin formalaşdırılmasına xidmət edir.
M.Süleymanlı əlavə edib ki, bu strateji kurs yaxın illərdə
Azərbaycanın regionun rəqəmsal texnologiyalar və innovasiya
mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm zəmin yaradır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir