
Bakı.Trend:
ABŞ-nin Müharibə naziri Pit Heqset iyun ayında Brüsseldə
keçirilən NATO müdafiə nazirlərinin görüşündə ABŞ-nin Avropadakı
hərbi kontingentinin sayının azaldılacağını elan etməyi
planlaşdırırdı. Lakin onun bu təşəbbüsü Ağ Ev tərəfindən rədd
edilib.
Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti öz mənbələrinə
istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, planlaşdırılan ixtisarlar Polşaya
zirehli briqadanın göndərilməsinin ləğvi və Rumıniyadan piyada
briqadasının çıxarılması ilə məhdudlaşmırdı. Lakin ABŞ
administrasiyası Prezidentin milli təhlükəsizlik üzrə müşaviri
vəzifəsini də icra edən Marko Rubio bu barədə məlumatlandırıldıqdan
sonra həmin plana qarşı çıxıb.
Nəşr qeyd edir ki, bu vəziyyət Vaşinqtonun Avropa ölkələrindəki
hərbi mövcudluğunu hansı sürətlə və hansı miqyasda azaltacağına
dair hələ yekun qərar vermədiyini göstərir. Bununla yanaşı,
mənbələrin sözlərinə görə, ABŞ qüvvələrinin sayının gələcəkdə daha
da azaldılması ehtimalı hələ də qalmaqdadır.
WSJ xatırladır ki, ABŞ qoşunlarının sayı və NATO müttəfiqlərinin
hərbi xərcləri gələn həftə ABŞ Prezidenti Donald Trampla NATO-ya
üzv digər ölkələrin liderləri arasında keçiriləcək zirvə görüşünün
əsas müzakirə mövzularından biri olacaq.

