Milli Mətbuat Günü münasibətilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 2–3 iyul tarixlərində media nümayəndələri üçün mediatur təşkil olunub.
Modern.az xəbər verir ki, səfərin əsas məqsədi bölgələrdə fəaliyyət göstərən fermerlərin əməyini, aqrar sahədə tətbiq olunan innovativ yanaşmaları, dövlət dəstəyi ilə həyata keçirilən layihələri və yerli istehsalın inkişafını ictimaiyyətə daha yaxından tanıtmaqdır. Eyni zamanda, tədbir kənd təsərrüfatı sahəsində görülən işlərin mediada geniş işıqlandırılmasına töhfə vermək, kəndlə şəhər arasında informasiya körpüsünü möhkəmləndirmək və medianın aqrar sahənin inkişafındakı rolunu daha da gücləndirmək məqsədi daşıyır.
İki gün davam edən səfər çərçivəsində media nümayəndələri regionun aqrar potensialı, yerli təsərrüfatların fəaliyyəti, istehsal imkanları və inkişaf perspektivləri barədə ətraflı məlumat əldə ediblər. Jurnalistlər Lənkəran rayonunda “Şəhərdən Kəndə” layihəsi çərçivəsində dəstək göstərilən “Arıçılıq Muzeyi”, “Leynə Co” və “Citrus Valley” təsərrüfatlarını ziyarət edərək, burada həyata keçirilən işlərlə yerində tanış olub və fermerlərlə görüşüblər.
Modern.az-a açıqlama verən “Aqrar Tədarük və Təchizat” ASC-nin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri layihənin göstəriciləri və hədəfləri barədə danışıb:
“PAŞA Holdinqin maliyyə dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində cənub zonasına iki günlük mediatur təşkil etdik. Bu günədək layihə çərçivəsində ümumilikdə 35-ə yaxın təsərrüfata dəstək göstərilib. Onlardan 9-u cənub zonasını əhatə edir, 4-ü isə məhz Lənkəran rayonunda yerləşir.
Ziyarət etdiyimiz “Lənkəran Citrus Valley” təsərrüfatı dəstək verdiyimiz ən iri layihələrdən biridir. İlk mərhələdə bu təsərrüfata 30 min banka kompot və 10 min banka mürəbbə üçün qablaşdırma dəstəyi təmin etmişik, həmçinin həmin məhsulların Azərbaycanın müxtəlif regionlarında satışının təşkilinə köməklik göstərmişik. Bununla yanaşı, təsərrüfatda abadlıq işləri aparılıb və marketinq dəstəyi yönəldilib”.

Şöbə müdiri vurğulayıb ki, “Şəhərdən Kəndə” layihəsinə Azərbaycanın müxtəlif regionlarından, o cümlədən işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən təsərrüfatlardan da qoşulmaq mümkündür:
“Layihəyə sıfırdan başlayanlar deyil, artıq müəyyən inkişaf mərhələsinə çatmış təsərrüfatlar cəlb olunur. Reqlamentə uyğun olaraq həmin yerlərdə monitorinqlər aparılır və meyarlara cavab verən təsərrüfatlara dəstək verilir. “Şəhərdən Kəndə” layihəsinə cəlb olunmaqda əsas məqsədimiz ölkədə aqroturizmin inkişafına təkan vermək və fermerlərin əlavə gəlir əldə etmək imkanlarını artırmaqdır”.

