
Bakı.Trend:
Fransanın “Şarl de Qoll” aviadaşıyıcısı daimi bazası olan Tulona
qaytarılsa da, Fransa Hərbi Dəniz Qüvvələrinin bir hissəsi Yaxın
Şərq regionunda fəaliyyətini davam etdirəcək.
Bu barədə Fransa Prezidenti Emmanuel Makron ölkəsinin regiondakı
hərbi mövcudluğunun operativ konfiqurasiyasında edilən
dəyişiklikləri şərh edərkən “X” sosial şəbəkəsində bildirib.
Makronun sözlərinə görə, Fransa daha əvvəl regiona iki
minaaxtaran gəmi də daxil olmaqla minatəmizləmə qüvvələri, həmçinin
iki freqat və bir dəniz patrul təyyarəsi göndərib. Fransa
Prezidenti qeyd edib ki, bu qüvvələr gəmiçiliyin təhlükəsizliyinin
təmin edilməsi və Hörmüz boğazı rayonunda tamhəcmli naviqasiyanın
bərpası məqsədilə tərəfdaşlarla birgə fəaliyyət göstərməyə hazır
idi.
Makron qüvvələrin yerləşdirilməsindəki düzəlişləri vəziyyətin
dəyişməsi və diplomatik proseslərin inkişafı ilə əlaqələndirib. O,
xüsusilə iyunun 17-də ABŞ və İran arasında imzalanmış qarşılıqlı
anlaşma memorandumunun regional sabitlik istiqamətində mühüm addım
olduğunu və Hörmüz boğazında gəmiçilik azadlığının təmin
edilməsinin vacibliyini bir daha təsdiqlədiyini bildirib.
Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə atəşkəs razılaşması əldə olunub.
18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb.
Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti
Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə
minib.
21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan
və Qətərin vasitəçiliyi ilə baş tutub.

