Antarktikanın Taylor buzulunda yerləşən və düz bir əsrdir elm dünyasını heyrətdə qoyan məşhur “Qanlı şəlalə” ilə bağlı aparılan yeni araşdırma, bu qorxunc təbiət hadisəsinin sirrini üzə çıxarıb.
Metbuat.az xəbər verir ki, “Antarctic Science” jurnalında dərc olunan və Luiziana Dövlət Universitetinin alimləri tərəfindən reallaşdırılan tədqiqat zamanı, buzulun dərinliklərində gizlənən yüksək təzyiqli su şəbəkəsinin püskürmə anı, yəni şəlalənin “nəbzi” tarixdə ilk dəfə saniyə-saniyə lentə alınıb.
Tədqiqatlar göstərir ki, bu qırmızı suların sirri tam 1,5 milyon il əvvəl buzların altında sıxılıb qalan, dəmir və duzla zəngin qədim bir okean suyunun yatağı ilə bağlıdır. Yüzlərlə metr dərinlikdəki bu ekstremal duzlu su buzulun daxili kanalları ilə hərəkət edərək səthə çıxır və oksigenlə təmas etdiyi an eynilə paslanma prosesində olduğu kimi, anında qırmızı rəngə boyanır. Ən maraqlısı isə odur ki, bu duzlu suyun yüksək təzyiqlə kənara fışqırdığı anlarda nəhəng buzulun səthi təxminən 15 millimetr çökür və onun irəliyə doğru hərəkəti 10 faiz yavaşlayır. Alimlər bu nadir fışqırma dinamikasını buzulun canlı “nəbzi” kimi qiymətləndirirlər.

Bu qorxulu və dondurucu mühitin daxilində isə bəşəriyyəti daha böyük bir kəşf gözləyir. Günəş işığından, oksigenden və xarici dünyadan bir milyon ildən çoxdur tamamilə təcrid olunmuş bu suların içində qeyri-adi bir bakteriya icması yaşayır.
Həyatı davam etdirmək üçün sulfatdan enerji mənbəyi kimi istifadə edən bu mikroorqanizmlər elm adamları tərəfindən Yupiterin peyki Avropa (Europa) kimi buzla örtülü digər göy cismlərində tapıla biləcək “kosmik yaşam formaları”nın Yer kürəsindəki canlı modeli hesab olunur.

