Azərbaycan və Türkiyə arasında münasibətlər uzun illərdir ki, “bir millət, iki dövlət” fəlsəfəsi üzərində qurulan strateji müttəfiqlik modeli kimi beynəlxalq münasibətlər sistemində xüsusi yer tutur.
Tarixi, mədəni və mənəvi bağlarla möhkəmlənən bu tərəfdaşlıq bu gün təkcə siyasi dialoqla məhdudlaşmır, eyni zamanda enerji təhlükəsizliyi, müdafiə sənayesi, nəqliyyat-logistika, ticarət, rəqəmsal transformasiya və regional təhlükəsizlik kimi strateji istiqamətləri də əhatə edir.
Azərbaycan-Türkiyə münasibətlərinin mövcud vəziyyəti, regional proseslər, enerji əməkdaşlığı, müdafiə sənayesi, Orta Dəhlizin inkişaf perspektivləri və gələcəyin texnologiyaları sahəsində əməkdaşlığın hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı sualları Metbuat.az-a müsahibəsində Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç cavablandırıb.
– Hulusi bəy, Türkiyə son dövrdə həm Ermənistanla normallaşma prosesini davam etdirir, həm də Azərbaycanla müttəfiqlik münasibətlərini qoruyur. Ankara bu iki istiqamət arasında strateji balansı necə qurur və bunun Cənubi Qafqazın gələcəyinə təsiri nə olacaq?
Türkiyə ilə Azərbaycan münasibətləri “bir millət, iki dövlət”, zərurət yarandıqda isə “bir millət, bir dövlət” anlayışı əsasında qurulub. Bunun ən bariz nümunəsi 1993-cü ildə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra Türkiyənin Ermənistanla sərhədini bağlaması və bu ölkə ilə diplomatik münasibətlər qurmamasıdır. Artıq 33 ildir ki, sərhəd bağlıdır və diplomatik əlaqələr mövcud deyil. Bu, Türkiyənin Azərbaycanla qardaşlıq münasibətlərinin, həmrəyliyinin və strateji müttəfiqliyinin göstəricisidir. Dünyada bir dövlətin başqa bir dövlətin maraqlarını nəzərə alaraq sərhədini bağlaması nadir rast gəlinən haldır.
Türkiyə bu gün də Ermənistan siyasətini Azərbaycanla paralel şəkildə həyata keçirir. Yəni Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesi hansı istiqamətdə irəliləyirsə, Ankara da Ermənistanla münasibətlərini həmin prosesə uyğun tənzimləyir.
Ötən il avqustun 8-də Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflandı. Bundan əlavə, Azərbaycanın irəli sürdüyü əsas məsələlərdən biri olan ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı məsələ də artıq öz həllini tapmaq üzrədir. Hazırda əsas gözləntilər Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəaların çıxarılması ilə bağlıdır. Türkiyə bu prosesi diqqətlə izləyir və addımlarını Azərbaycanın mövqeyini nəzərə alaraq müəyyənləşdirir.
Azərbaycan-Ermənistan münasibətlərində irəliləyiş olduqca, Türkiyə də paralel addımlar atır. Buna misal olaraq Qars-Gümrü dəmir yolunun açılması istiqamətində görülən işləri, Ermənistan yüklərinin tranzitinə imkan yaradılmasını, eləcə də “Türk Hava Yolları”nın Ermənistan istiqamətində uçuşlarına icazə verilməsini göstərmək olar. Yəni Azərbaycan hansı addımı atırsa, Türkiyə də normallaşma prosesində həmin istiqamətdə hərəkət edir.
– Azərbaycan-Ermənistan sülh sazişindən sonra Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinin Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına və regional əməkdaşlıq platformalarına hansı təsirləri olacağını gözləyirsiniz?
Türkiyə-Ermənistan münasibətlərinin inkişafı Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə zidd deyil. Əksinə, bütün proseslər Bakı ilə məsləhətləşmələr və qarşılıqlı etimad əsasında həyata keçirilir.
Azərbaycan və Türkiyə arasındakı münasibətlərin tarixi isə çox qədimdir. Bu qardaşlıq Çanaqqala döyüşlərindən, Qafqaz İslam Ordusunun Azərbaycana gəlişindən və Bakının azad edilməsindən başlayaraq bu günə qədər davam edən ortaq tarixə söykənir. Məhz buna görə də iki ölkənin münasibətləri “bir millət, iki dövlət”, zərurət yarandıqda isə “bir millət, bir dövlət” prinsipi əsasında inkişaf edir.
Cənubi Qafqazın gələcəyinə gəldikdə isə, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra Türkiyənin Ermənistanla sərhədlərini açacağı gözlənilir. Bu, regionda yeni mərhələnin başlanğıcı olacaq. İqtisadi əlaqələr genişlənəcək, nəqliyyat-kommunikasiya xətləri açılacaq, insanlar qarşılıqlı səfərlər edəcək, ticarət və əməkdaşlıq imkanları artacaq.
Əslində, region xalqları arasında düşmənçilik yoxdur. Mövcud gərginlik daha çox keçmişdə verilmiş siyasi qərarların nəticəsidir. Əgər Azərbaycan torpaqları işğal olunmasaydı, region bu gün tamamilə fərqli inkişaf mərhələsində ola bilərdi. Davamlı sülh isə Cənubi Qafqazda sabitliyi möhkəmləndirəcək, iqtisadi inkişafı sürətləndirəcək və bütün region xalqlarının rifahına müsbət təsir göstərəcək.
– Bu ilin əvvəlində Azərbaycan və Türkiyə arasında 2029-cu ildən başlayaraq Türkiyəyə 33 milyard kubmetr qaz tədarükünü nəzərdə tutan yeni saziş imzalanıb. Bu razılaşma iki ölkənin enerji əməkdaşlığını hansı yeni mərhələyə çıxara bilər?
Azərbaycanın təbii qaz hasilatının ildən-ilə artmasını böyük məmnunluqla qarşılayırıq. Hasilatın artmasına paralel olaraq Türkiyə də Azərbaycandan idxal etdiyi qazın həcmini artıracaq. 2029-cu ildən etibarən Türkiyənin Azərbaycandan ildə 33 milyard kubmetr təbii qaz alması nəzərdə tutulur.
Bu, Azərbaycan-Türkiyə dostluq və qardaşlığının enerji sahəsində də özünü aydın şəkildə göstərdiyini təsdiqləyir. Qardaş ölkə Azərbaycandan təbii qaz idxal etmək Türkiyə üçün böyük əhəmiyyət daşıyır. Eyni zamanda bu əməkdaşlıq iqtisadi baxımdan hər iki ölkə üçün qarşılıqlı fayda yaradır.
Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlığın genişlənməsi iki ölkənin strateji tərəfdaşlığını daha da möhkəmləndirir. Ümumilikdə bütün sahələrdə olduğu kimi, təbii qaz sektorunda əməkdaşlığın inkişafı da hər iki ölkənin iqtisadi inkişafına və enerji təhlükəsizliyinin güclənməsinə mühüm töhfə verəcək.
– Türkiyənin Avropanın müdafiə və təhlükəsizlik arxitekturasında rolunun artdığı bir dövrdə Azərbaycanla hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivlərini necə görürsünüz?
Türkiyənin Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığın gələcəyini olduqca müsbət qiymətləndirirəm. Bu gün Türkiyənin Avropanın müdafiə və təhlükəsizlik sistemində rolu ildən-ilə güclənir. Türkiyə ABŞ-dan sonra NATO-nun ikinci ən böyük ordusuna malik ölkəsidir. Soyuq müharibə dövründə, Varşava Müqaviləsi Təşkilatının mövcud olduğu illərdə Türkiyə Avropanın təhlükəsizliyinin əsas dayaqlarından biri, sözün həqiqi mənasında onun cənub-şərq qalası olub. Sovet İttifaqının dağılmasından sonra müəyyən dövrdə bu ehtiyac nisbətən azalsa da, son illər Avropada müdafiə və təhlükəsizlik sahəsində yeni çağırışların yaranması Türkiyənin strateji əhəmiyyətini yenidən artırıb. Bu gün Avropada Türkiyə qədər böyük, təcrübəli və döyüş hazırlığı yüksək olan nizami orduya malik ölkə yoxdur. Məhz buna görə də Avropanın Türkiyənin hərbi gücünə, təcrübəsinə və müdafiə potensialına ehtiyacı artır.
Azərbaycana gəldikdə isə, Türkiyə qardaş ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində hər cür dəstəyi göstərir. Müdafiə sənayesi sahəsində birgə layihələr həyata keçirilir, ortaq investisiyalar qoyulur və əməkdaşlıq davamlı şəkildə genişlənir. Biz bu münasibətlərə “Türkiyənin sahib olduğu Azərbaycanın, Azərbaycanın sahib olduğu isə Türkiyənindir” prinsipi ilə yanaşırıq.
Bu əməkdaşlığın hüquqi və siyasi əsasını Şuşa Bəyannaməsi təşkil edir. Hər iki ölkənin parlamentləri tərəfindən təsdiqlənən bu sənəd Azərbaycan və Türkiyəni strateji müttəfiqə çevirib. Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətlərin əsas sənədi, strateji yol xəritəsi və təminatıdır. Sənəddə yer alan müddəalardan biri mahiyyət etibarilə NATO-nun 5-ci maddəsinə bənzəyir. Yəni tərəflərdən birinə qarşı təhdid və ya hücum olacağı təqdirdə digər tərəf ona lazımi dəstəyi göstərmək öhdəliyini daşıyır.
Bu baxımdan hesab edirəm ki, Azərbaycan və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq bundan sonra da daha da güclənəcək. Təsadüfi deyil ki, iki ölkə hər il onlarla birgə hərbi təlim keçirir. Bu təlimlər Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında qarşılıqlı etimadın, koordinasiyanın və hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu nümayiş etdirir.
Perspektiv baxımından Türkiyə Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsində ehtiyac duyduğu bütün istiqamətlər üzrə dəstəyini davam etdirməyə hazırdır. Müdafiə sənayesində birgə istehsal, ortaq investisiyalar və texnologiya mübadiləsi genişlənir. Bütövlükdə, digər sahələrdə olduğu kimi, müdafiə və təhlükəsizlik istiqamətində də Azərbaycan-Türkiyə əməkdaşlığı strateji müttəfiqlik ruhunda uğurla inkişaf edir.
– Orta Dəhlizin inkişafı və türk dövlətləri arasında əlaqələrin güclənməsi fonunda Türkiyə-Azərbaycan tərəfdaşlığı türk dünyasının iqtisadi və siyasi inteqrasiyasında hansı aparıcı rolu oynaya bilər?
Orta Dəhlizin inkişafı istiqamətində Azərbaycan uzun illərdir böyük səylər göstərir və Xəzər dənizi üzərindən keçən bu strateji nəqliyyat marşrutunun tam şəkildə reallaşdırılması üçün mühüm işlər həyata keçirir. Orta Dəhliz təkcə Türk dünyasını birləşdirən layihə deyil, eyni zamanda Çini Avropa ilə birləşdirən ən mühüm tranzit marşrutlarından biridir.
Bu dəhliz nəqliyyat, logistika və ticarət baxımından olduqca böyük əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Orta Dəhliz Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün əsas istiqamətlərindən biri hesab olunur. Bu marşrutu regionun əsas iqtisadi arteriyası, hətta şah damarı adlandırmaq olar.
Orta Dəhlizin inkişafı təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün Türk dövlətləri üçün böyük əhəmiyyət kəsb edir. Layihənin genişlənməsi iqtisadi inteqrasiyanı gücləndirəcək, ticarət dövriyyəsini artıracaq, nəqliyyat xərclərini azaldacaq və region ölkələri arasında əlaqələri daha da möhkəmləndirəcək.
Azərbaycan və Türkiyə Orta Dəhlizin inkişafı və infrastrukturunun genişləndirilməsi istiqamətində daim birgə fəaliyyət göstərirlər. Hər iki ölkə digər dövlətlərin də bu marşruta qoşulmasını dəstəkləyir və layihənin beynəlxalq əhəmiyyətinin artırılması üçün zəruri təşəbbüslərlə çıxış edir.
Ümumilikdə, Orta Dəhliz Türk dünyasının iqtisadi və siyasi inteqrasiyasında mühüm rol oynayan strateji layihədir. Bu marşrut region ölkələrinin qarşılıqlı əlaqələrinin daha da dərinləşməsinə, iqtisadi inteqrasiyanın sürətlənməsinə və Avrasiya məkanında yeni logistika imkanlarının formalaşmasına xidmət edir. Türkiyə və Azərbaycan da bu strateji layihənin inkişafı və potensialının tam reallaşdırılması istiqamətində əməkdaşlığını bundan sonra da davam etdirəcək.
– “Bir millət, iki dövlət” modeli artıq enerji, nəqliyyat və təhlükəsizlikdən kənara çıxaraq yeni sahələrə yayılır. Qarşıdakı 10 ildə iki ölkə münasibətlərinin süni intellekt, rəqəmsal transformasiya və yüksək texnologiyalar kimi istiqamətlərdə hansı yeni məzmun qazanacağını düşünürsünüz?
“Bir millət, iki dövlət” modeli artıq yalnız enerji, nəqliyyat və təhlükəsizlik sahələri ilə məhdudlaşmır. Bu gün bu anlayış Azərbaycan və Türkiyə vətəndaşları üçün ortaq kimliyi ifadə edən strateji konsepsiyaya çevrilib.
Hazırda iki ölkə arasında əməkdaşlıq enerji, nəqliyyat, təhlükəsizlik, müdafiə sənayesi, siyasi və iqtisadi sahələrdə ən yüksək səviyyəyə çatıb. Dünyada baş verən texnoloji dəyişikliklər fonunda isə əməkdaşlığın istiqamətləri daha da genişlənir. Süni intellekt, rəqəmsal transformasiya, yüksək texnologiyalar, innovasiya və rəqəmsal iqtisadiyyat gələcək dövrdə Azərbaycan-Türkiyə əməkdaşlığının əsas prioritet sahələrindən olacaq.
Hesab edirəm ki, qarşıdakı on ildə bu istiqamətlər üzrə əməkdaşlıq daha da dərinləşəcək və dünya standartlarına uyğun yeni layihələr həyata keçiriləcək. Çünki hər iki ölkədə yüksək texnologiyalar sahəsinə ciddi investisiyalar yatırılır, insan kapitalının inkişafına xüsusi diqqət yetirilir və peşəkar kadrların sayı ildən-ilə artır.
Qlobal texnoloji inkişafın tələblərinə uyğun olaraq süni intellekt, rəqəmsal transformasiya, kibertəhlükəsizlik və yüksək texnologiyalar sahəsində qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, birgə layihələrin həyata keçirilməsi və innovativ həllərin tətbiqi böyük əhəmiyyət daşıyır.
Azərbaycan və Türkiyə bu istiqamətlərdə əməkdaşlığı qətiyyətlə davam etdirəcək. İnanıram ki, qarşıdakı illərdə “bir millət, iki dövlət” modeli ənənəvi strateji sahələrlə yanaşı, rəqəmsal texnologiyalar, innovasiya və yüksək texnologiyalar sahəsində də yeni məzmun qazanacaq və iki ölkənin strateji tərəfdaşlığını daha da gücləndirəcək.
Gülbəniz Hüseynova / Metbuat.az
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.


