
Bakı. Trend:
Fransada 20-yə yaxın iri meşə yanğını qeydə alınıb.
Bu barədə “Le Figaro” qəzeti Fransanın daxili işlər naziri Loran
Nünesə istinadən məlumat yayıb.
Məlumata görə, nazir böhran qərargahının iclasında bildirib ki,
bu 20 yanğından 6-sı “kritik”, 3-ü isə hələ də lokallaşdırılmayıb.
Hazırda ən böyük meşə yanğını Şərqi Pireneylərdə müşahidə olunur.
Burada alov 1,6 min hektar ərazini əhatə edib və hakimiyyət
orqanları ümumilikdə 10 min sakinin təxliyəsinə başlayıb. Nazir
qeyd edib ki, bölgədə hökm sürən isti və quraq hava şəraiti
vəziyyəti daha da çətinləşdirir. O həmçinin bildirib ki,
yanğınların söndürülməsi zamanı azı bir yanğınsöndürən xəsarət
alıb.
Bundan əlavə, Qar departamentində 500 hektardan çox, Drom
departamentində isə 350 hektar ərazini əhatə edən ciddi yanğınlar
barədə məlumat verilib. Od departamentinin yanğınsöndürmə xidməti
Karkasson şəhəri yaxınlığında da yanğın baş verdiyini açıqlayıb.
Yanğınlarla əlaqədar yerli və regional əhəmiyyətli avtomobil
yolları, o cümlədən İspaniya istiqamətinə aparan A9 magistralı
bağlanıb.

