
Bakı.Trend:
Bakıda ADA Universitetinin nəzdində fəaliyyət göstərən İnkişaf
və Diplomatiya İnstitutu (IDD) tərəfindən təşkil olunan XX Bakı Yay
Enerji Məktəbinin (Baku Summer Energy School) açılış mərasimi
keçirilir.
Trend-in tədbirdə
iştirak edən müxbirinin verdiyi məlumata görə, bu il 20 illiyini
qeyd edən beynəlxalq təhsil proqramı “Enerji təhlükəsizliyi və
innovasiyalar” şüarı altında keçirilir.
İki həftə davam edəcək proqram müxtəlif ölkələrdən dövlət
qurumlarının nümayəndələrini, enerji şirkətlərinin rəhbərlərini,
beynəlxalq təşkilatların təmsilçilərini, akademik dairələrin
nümayəndələrini və gənc mütəxəssisləri bir araya gətirəcək.
Tədbir çərçivəsində enerji təhlükəsizliyi, qlobal enerji
bazarlarında mövcud tendensiyalar, geosiyasi çağırışlar, enerji
diplomatiyası, “yaşıl” enerji keçidi, bərpa olunan enerji
mənbələrinin inkişafı, enerji sektoruna investisiyalar, eləcə də
Azərbaycanın transformasiya olunan qlobal enerji sistemində
strateji rolu ilə bağlı aktual məsələlər müzakirə olunacaq.
Açılış mərasimində ADA Universitetinin rektoru, səfir Hafiz
Paşayev, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi
və COP29-un prezidenti Muxtar Babayev, bp-nin Azərbaycan, Gürcüstan
və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli,
Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov, SOCAR-ın
vitse-prezidenti Ziba Mustafayeva və “GL Group”-un xarici əlaqələr
və kommunikasiya üzrə qrup vitse-prezidenti İlqar İbrahimli nitq
ilə çıxış edəcəklər.
Tədbir çərçivəsində ADA Universiteti ilə İqtisadi Əməkdaşlıq
Təşkilatı regionu üçün Təmiz Enerji Mərkəzi (CECECO) arasında
Anlaşma Memorandumu imzalanacaq.
Sənəd “təmiz” enerji sahəsində əməkdaşlığın inkişaf
etdirilməsinə və bu istiqamətdə regional əməkdaşlığın
möhkəmləndirilməsinə xidmət edir.
Xəbər yenilənəcək

