
Bakı.Trend:
Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA)
İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə elan etdiyi qrant
müsabiqəsinin maliyyə dəstəyi ilə “Təhlükəsiz qayıdış: mina
təhlükəsi ilə mübarizəyə dəstək” layihəsinin icrasına başlayıb.
Bu barədə AMZA-nın sədri, layihə rəhbəri Rey Kərimoğlu məlumat
verib. Onun sözlərinə görə, əsasən doxsanıncı illəri – Qarabağda
döyüş əməliyyatlarının intensiv gedən dövrü əhatə edən layihənin 4
aya başa çatdırılması nəzərdə tutulub:
“Layihənin əsas məqsədi əhalinin işğaldan azad edilmiş əraziyə
təhlükəsiz qayıdışını təmin etməyə dəstək verməkdir. Bildiyiniz
kimi, işğalçı Ermənistan Qarabağda böyük sayda mina basdırıb. Eyni
zamanda ərazidə xeyli sayda partlamamış hərbi sursat var.
Təşkilatımız Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin maliyyə dəstəyi ilə 2024-2025-ci illərdə 19 şəhər və
rayonda minadan zərərçəkənlərlə (beynəlxalq forma olan İMİSMA
agentləri ilə) sorğular keçirib. 1360 minadan zərərçəkənin mina
hadisəsi, onların ehtiyacları öyrənilib. Bu il biz “Təhlükəsiz
qayıdış: mina təhlükəsi ilə mübarizəyə dəstək” layihəsi
çərçivəsində işğaldan azad edilmiş ərazilərdə mina insidentinin
yerlərini müəyyənləşdirəcəyik. Görəcəyimiz işi daha konkret izah
edim: işğaldan azad edilmiş ərazilərdə kim harada minaya düşübsə,
həmin şəxsi minaya düşdüyü əraziyə aparacağıq. Birbaşa minaya
düşdüyü yerin koordinatlarını elə oradanca götürüləcək. Mina
insidenti yerlərinin koordinatları götürülərək hesabat
hazırlanacaq. Bu hesabat ANAMA-ya təqdim ediləcək. Yeri gəlmişkən,
xüsusi ilə qeyd edim ki, bu işdə ANAMA rəhbərliyi bizə həmişə
dəstək verib. Bu dəfə də onların yaxından dəstəyinə ehtiyacımız
olacaq”.
R.Kərimoğlu qeyd edib ki, layihə hələlik Ağdam, Ağdərə və Tərtər
rayonlarının ərazisində icra ediləcək. Gələcəkdə isə işğaldan azad
edilmiş digər ərazilərdə bu iş görüləcək. Onun sözlərinə görə,
layihə əsasən doxsanıncı illəri – Qarabağda döyüş əməliyyatlarının
intensiv gedən dövrü əhatə edəcək.
“Layihənin icrasında əsasən minadan zərərçəkənlər iştirak
edəcək. Açığı, çox unikal, riskli və çətin bir layihədir.
Azərbaycanda ilk dəfədir belə bir layihə icra ediləcək. Amma
təşkilatımızın yaxşı formalaşmış peşəkar bir komandası var. Eyni
zamanda, bu işləri yüksək səviyyədə bilən Beynəlxalq Avrasiya
Mətbuat Fondu yenə bizə yaxından dəstək verəcək. Bütün bunları
nəzərə alsaq, işimizi uğurla icra edə biləcəyimizə əminik. Layihə
əsasən doxsanıncı illəri – Qarabağda döyüş əməliyyatlarının
intensiv gedən dövrü əhatə edəcək”, – deyə R.Kərimoğlu
bildirib.

