
Bakı.Trend:
Venesuelada iyunun 24-də baş verən iki güclü zəlzələ nəticəsində
həlak olanların sayı 3 342 nəfərə yüksəlib.
Bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges
sosial media hesabında məlumat yayıb.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində yaralananların
sayı 16 740 nəfərə çatıb. İndiyədək dağıntılar altından 6 462 nəfər
xilas edilib, 17 345 nəfər isə evsiz qalıb. Zərərçəkənlərin
yerləşdirilməsi üçün ölkədə 79 müvəqqəti sığınacaq mərkəzi
yaradılıb.
Xorxe Rodriges bildirib ki, indiyədək 86 794 ailəyə humanitar
yardım çatdırılıb. Fəlakət bölgələrinə ümumilikdə 9 585 ton ərzaq
və 669 008 litr içməli su göndərilib.
O qeyd edib ki, axtarış-xilasetmə və yardım əməliyyatlarına ordu
və polis sıralarından 29 567 nəfər, həmçinin 27 482 könüllü cəlb
olunub.
Yerli KİV-in məlumatına görə, itkin düşən şəxslərlə bağlı
müraciətlərin qəbulu üçün xüsusi telefon xətti və rəqəmsal
platforma yaradılıb. Lakin hakimiyyət orqanları itkin düşənlərin
dəqiq sayı barədə hələlik məlumat açıqlamayıb.
Bununla yanaşı, itkin düşənlərin yaxınlarının müraciətləri üçün
yaradılmış “Desaparecidos Terremoto Venezuela” (“Venesuela
zəlzələsində itkin düşənlər”) adlı vətəndaş təşəbbüsünün internet
səhifəsində indiyədək 31 mindən çox şəxs barədə itkin müraciəti
qeydə alınıb.
Xatırladaq ki, ABŞ Geoloji Xidməti (USGS) iyunun 24-də
Venesuelada 39 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki zəlzələnin
baş verdiyini açıqlamışdı.
BMT-nin İnkişaf Proqramı (UNDP) isə iyunun 26-da yaydığı
qiymətləndirmədə zəlzələlərin birbaşa vurduğu fiziki ziyanın
həcmini 6,7 milyard ABŞ dolları hesab edib.
Ölkədə axtarış-xilasetmə əməliyyatları davam edir və ölənlərlə
yaralananların sayının artacağı istisna olunmur.

