
Bakı.Trend:
Bu gün Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılmasının üç ili tamam
olur.
BTQ 2023-cü il iyulun 6-da Bakıda, Qoşulmama Hərəkatının
Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində keçirilən
“Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” beynəlxalq
konfransında iştirakçıların yekdil qərarı ilə təsis edilib.
Təşkilatın yaydığı məlumata görə, ötən üç il ərzində BTQ
kolonializm və neokolonializm məsələlərinin beynəlxalq gündəmdə
yenidən müzakirəyə çıxarılması istiqamətində fəaliyyət göstərib,
dekolonizasiya prosesinə dəstək verən platformalardan birinə
çevrilib.
Bildirilir ki, bu müddətdə müstəmləkəçilikdən əziyyət çəkən
xalqların problemləri beynəlxalq platformalarda gündəmə gətirilib,
müstəqillik uğrunda mübarizə aparan hərəkatlarla əməkdaşlıq
genişləndirilib. Məlumatda qeyd olunur ki, Fransada Korsikanın
muxtariyyət statusu ilə bağlı müzakirələrin intensivləşməsi, Yeni
Kaledoniyanın gələcək statusuna dair proseslərin yeni mərhələyə
keçməsi, kolonial dövrdən qalmış bəzi hüquqi mexanizmlərin ləğvi və
keçmiş müstəmləkələrdən aparılmış mədəni irsin geri qaytarılması
istiqamətində atılan addımlar bu sahədə baş verən mühüm inkişaflar
sırasındadır.
BTQ-nin məlumatına əsasən, fəaliyyət göstərdiyi dövrdə təşkilat
40-dan çox beynəlxalq konfrans keçirib. Onlardan 10-u BMT-nin
müxtəlif qərargahlarında təşkil olunub. Eyni zamanda, 50-dən çox
nəşr hazırlanıb, 10 əməkdaşlıq memorandumu imzalanıb və 25-dən çox
ölkə və dənizaşırı ərazi ilə əməkdaşlıq əlaqələri qurulub.
Təşkilatın mühüm nailiyyətlərindən biri kimi Bakıda Beynəlxalq
Dekolonizasiya Cəbhəsinin (Front international de décolonisation –
FID) təsis edilməsi göstərilir. Qurultayda Fransa və Niderlandın
müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya,
Karib regionu, Antil adaları, Boneyra və Sen-Martindən olan 17-dən
çox siyasi partiya və müstəqillik hərəkatının nümayəndələri iştirak
ediblər.
2024-cü il oktyabrın 22-də BMT-nin Cenevrə Ofisində İnsan
Hüquqları Komitəsinin 142-ci sessiyası çərçivəsində təşkilat
tərəfindən “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və
Fransız müstəmləkəçiliyinin nəticələri” adlı hesabat Komitəyə
təqdim olunub. Həmin hesabatda yer alan faktlar əsasında BMT-nin
İnsan Hüquqları Komitəsi Fransadan 2024-cü ilin mayında Yeni
Kaledoniyada baş vermiş hadisələrlə bağlı hesabat tələb edib.
Məlumatda bildirilir ki, 2025-ci ilin mayında BTQ BMT-nin Afrika
Mənşəli İnsanların Daimi Forumuna və İnsan Hüquqları üzrə Ali
Komissarlığına “Afrika mənşəli insanların beynəlxalq ikinci
onilliyi” çərçivəsində həyata keçirilən fəaliyyətlərə dair hesabat
təqdim edib. Daha sonra həmin hesabat BMT Baş katibinin 2025-ci il
üzrə məruzəsində qeyd olunub. Təşkilat bunu fəaliyyətinin BMT
sistemi səviyyəsində tanınmasının göstəricisi kimi
qiymətləndirir.
BTQ-nin məlumatına görə, Baş katibin hesabatında təşkilat
dekolonizasiya və kiçik ada xalqlarının müstəqilliyi istiqamətində
fəaliyyət göstərən qlobal vətəndaş cəmiyyəti qurumları arasında
yeganə QHT kimi göstərilib.
Bununla yanaşı, təşkilat 2026-cı il iyunun 24-də ABŞ-nin
paytaxtı Vaşinqtonda, Konqres binasında qayıdış hüququ mövzusunda
tədbir keçirərək azərbaycanlılara qarşı həyata keçirilmiş etnik
təmizləmə siyasətinin beynəlxalq müstəvidə müzakirəsinə
başlanıldığını bildirib.
Hazırda beynəlxalq təşkilatlar, akademik dairələr və vətəndaş
cəmiyyəti institutları ilə əməkdaşlığını genişləndirməkdə davam
edir. Təşkilatın təşəbbüsü ilə müxtəlif regionlardan olan yerli
xalqların nümayəndələri, milli azadlıq hərəkatları, parlament
üzvləri, alimlər, beynəlxalq ekspertlər və hüquq müdafiəçiləri
mütəmadi olaraq bir araya gətirilir.

