
Bakı. Trend:
İyulun 6-da Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər
Nazirliyinə çağırılıb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı, iyulun 5-də axşam saatlarında
Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR yanacaqdoldurma
məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar kəskin etiraz
bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.
Görüşdə, sözügedən dron hücumunun ilk hal olmadığı, bundan əvvəl
də qazpaylayıcı kompressor stansiyası və Odessada neft bazasına
hücumlar daxil olmaqla, Ukraynada SOCAR-a məxsus obyektlərin hərbi
zərbələrə və hərbi əməliyyatların digər dağıdıcı təsirlərinə məruz
qaldığı, nəticədə əhəmiyyətli maddi ziyan dəydiyi, şirkətin
əməkdaşları arasında yaralananlar olduğu xatırlanıb.
Dəfələrlə xəbərdarlığa baxmayaraq, belə halların davam etməsinin
hücumların məqsədyönlü şəkildə həyata keçirildiyinə dəlalət etdiyi
bildirilib.
Görüşdə həmçinin Kiyevdəki Səfirliyimizin və Xarkov şəhərində
yerləşən Fəxri Konsulluğun binalarının zərər gördüyü bir neçə hava
zərbələrinə diqqət yönəldilib, Vyana Konvensiyalarına uyğun olaraq
diplomatik və konsulluq nümayəndəliklərinin binalarının qorunması
üzrə öhdəliklərə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb.
Rusiya tərəfi qeyd olunan bütün faktlar üzrə hərtərəfli
araşdırma aparmağa, baş vermiş hallarla bağlı müvafiq izahat
verməyə, habelə mülki obyektlərin və diplomatik nümayəndəliklərin
qorunması üzrə beynəlxalq öhdəliklərə riayət etməyə çağırılıb.

