
Bakı. Trend:
Fransada həbsxanalarda saxlanılan şəxslərin sayı rekord
səviyyəyə yüksəlib.
Bu ölkənin Ədliyyə Nazirliyinin açıqladığı statistikaya əsasən,
iyunun 1-nə olan məlumata görə, Fransada 88 min 829 məhbus qeydə
alınıb. Bu da ötən illə müqayisədə təxminən 4400 nəfər və ya 5,2
faiz çoxdur.
Eyni dövrdə cəzaçəkmə müəssisələrinin tutumu isə cəmi 1,1 faiz
artırılaraq 63 min 237 yerə çatdırılıb. Yer çatışmazlığı səbəbindən
7 608 məhbus döşəməyə sərilmiş döşəklərdə gecələməyə məcbur qalıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 32,1 faiz
artıb.
Ölkə üzrə həbsxanaların orta doluluq səviyyəsi 140,5 faiz təşkil
edib. Qısamüddətli cəza alanların və məhkəməni gözləyən şəxslərin
saxlanıldıqları istintaq təcridxanalarında isə doluluq 173,2 faizə
çatıb.
Penitensiar xidmət rəsmiləri vəziyyətin müəssisələrin
təhlükəsizliyinə və saxlanma şəraitinə ciddi mənfi təsir
göstərdiyini bildirirlər. Azadlıqdan məhrumetmə yerlərinə nəzarət
üzrə baş müvəkkil Dominik Simonno bu vəziyyəti “penitensiar
fəlakət” adlandırıb. Avropa Şurası və BMT də Fransadakı
həbsxanalarda həddindən artıq sıxlığın məhbusların fundamental
hüquqlarını pozduğunu və qeyri-insani rəftar riski yaratdığını
vurğulayıb.
Ədliyyə naziri Jerald Darmanən yeni məhbusların qəbulunun
məhdudlaşdırılması mexanizminə qarşı çıxsa da, hökumət 2027-ci
ildən etibarən istifadəyə verilməsi nəzərdə tutulan modul tipli
cəzaçəkmə müəssisələrində əlavə 3 min yer yaratmağı planlaşdırır.
Bu layihə 2018-ci ildə elan olunan 15 min yeni həbsxana yerinin
yaradılması proqramının tərkib hissəsidir.

