
Bakı. Trend:
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub.
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Mətbuat xidmətinin
yaydığı məlumata görə, uçuşlar hazırda cədvələ uyğun şəkildə icra
edilir.
Bildirilib ki, bölgədə hava şəraitinin sabitləşməsindən sonra
reyslərin yerinə yetirilməsi normal rejimdə davam etdirilir.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları”nın iyulun 6-na
planlaşdırılan bir sıra Bakı-Naxçıvan reysləri ildırımlı hava
şəraiti səbəbindən təxirə salınmışdı. Məlumata görə, Naxçıvan
Muxtar Respublikasının coğrafi mövqeyi və dağlıq relyefi səbəbindən
bölgədə müşahidə olunan meteoroloji şərait uçuş əməliyyatlarına
birbaşa təsir göstərə bilir. Xüsusilə güclü külək, küləyin
istiqamətinin qəfil dəyişməsi və ildırım aktivliyi eniş və qalxma
mərhələlərində əlavə risklər yaradır.

