Səhiyyə nazirinə yeni müavin təyin olunub

Baş səhifə

Bakı.Trend:

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Rüfət Cahangir
oğlu Hacıəlibəyov səhiyyə nazirinin müavini təyin edilib.

Bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, 2022-ci ilin iyul ayından Azərbaycan
Respublikasının səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması
məsələləri üzrə müşaviri vəzifəsində çalışan Rüfət Hacıəlibəyov bu
müddət ərzində ölkənin elektron səhiyyə üzrə milli strategiyasının
hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik etmiş, səhiyyə
sisteminin rəqəmsal transformasiyası prosesinin əlaqələndirilməsini
təmin etmişdir. Səhiyyə nazirinin müavini kimi onun fəaliyyət
istiqamətlərinə innovasiyaların tətbiqi, strateji idarəetmə,
səhiyyənin rəqəmsallaşdırılması və tibbi statistika sahələri
daxildir.

Rüfət Hacıəlibəyov rəqəmsal transformasiya sahəsində 30 illik
peşəkar təcrübəyə malik mütəxəssisdir. Uzunmüddətli fəaliyyəti
ərzində korporativ və dövlət sektoru üçün mürəkkəb texnoloji
layihələrin idarə edilməsindən başlayaraq, Azərbaycanda HP,
Microsoft və SAP kimi aparıcı qlobal informasiya texnologiyaları
şirkətlərinin yerli nümayəndəliklərinə rəhbərlik edib.




O, dövlət və korporativ səviyyədə uzunmüddətli informasiya
texnologiyaları strategiyalarının hazırlanması və uğurla həyata
keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Peşəkar
fəaliyyətinin əsas istiqamətlərinə strateji planlaşdırma, böhran
idarəçiliyi, eləcə də genişmiqyaslı institusional dəyişikliklər
şəraitində kompleks layihələrin idarə olunması daxildir.

Rüfət Hacıəlibəyov əsas fəaliyyəti ilə yanaşı, Azərbaycanın
rəqəmsallaşma sahəsində biznes və akademik mühitinin inkişafında da
fəal iştirak edir. O, KOBİA yanında innovativ startapların inkişafı
üzrə Ekspert Komissiyasının üzvü kimi fəaliyyət göstərib. 2017-ci
ildən etibarən Bakı Mühəndislik Universitetinin Himayəçilər
Şurasının üzvüdür.

Azərbaycan Respublikasında informasiya texnologiyalarının
inkişafına verdiyi töhfələrə görə Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə
təltif edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir