
Bakı. Trend:
Azərbaycan 2026-cı il dekabrın 14–15-də ABŞ-ın Mayami şəhərində
keçiriləcək G20 sammitinə dəvət olunan ölkələr sırasında yer
alıb.
Bu barədə G20 üzrə ABŞ sədrliyinin rəsmi saytında məlumat
yerləşdirilib.
Məlumata əsasən, sammitə dəvət edilmiş ölkələr sırasında
Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Finlandiya, İrlandiya,
Niderland, Norveç, Qətər, Sinqapur, İspaniya və Birləşmiş Ərəb
Əmirlikləri də var.
Qeyd edək ki, G20 sammiti dünyanın aparıcı iqtisadiyyatlarının
və dəvət olunmuş tərəfdaş ölkələrin iştirakı ilə qlobal iqtisadi
gündəmin, beynəlxalq əməkdaşlığın və strateji çağırışların müzakirə
edildiyi əsas platformalardan biri hesab olunur.
Xatırladaq ki, 2025-ci ildə G20 sammiti Cənubi Afrika
Respublikasının Yohannesburq şəhərində keçirilib.

