
Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammitində
iştirak etmək üçün ABŞ-nin Merilend ştatındakı Endryus Birləşmiş
Hərbi Hava Bazasından (Joint Base Andrews) “Air Force One”
prezident təyyarəsi ilə Ankaraya yola düşüb.
Türkiyə mətbuatının yazdığına görə, Ağ Ev rəhbərinin NATO-nun
36-cı Zirvə toplantısı çərçivəsində bir sıra görüşlər keçirməsi də
planlaşdırılır.
Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Prezident
Kompleksində (Beştəpə) mühüm görüş keçirəcək. Səfərlə bağlı məlumat
verən Türkiyə Prezident Administrasiyasının Kommunikasiya
İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib ki, Ərdoğan–Tramp
görüşündə Türkiyə-ABŞ münasibətləri hərtərəfli nəzərdən
keçiriləcək.
Görüşdə əsas müzakirə mövzuları sırasında milli döyüş təyyarəsi
KAAN üçün nəzərdə tutulan F-110 mühərriklərinin Türkiyəyə satışı,
Ankaranın F-35 proqramına qayıdışı, eləcə də Suriya və Qəzzada son
vəziyyət də daxil olmaqla bir sıra regional və ikitərəfli məsələlər
yer alacaq.

