Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə yerlər açıldı

Baş səhifə

Bakı.Trend:

10 iyul 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı
beynəlxalq marşrutu üzrə hərəkət edən qatarların tərkibinə əlavə 3
ədəd yataq tipli vaqon (hazırda ölkədaxili marşrutda istifadə
olunan standart+ sinif vaqonlar) qoşulacaq.

Bu barədə “Azərbaycxan Dəmir Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, nəticədə hər reys üzrə 104 əlavə sərnişin yeri
açılacaq və bir reys üzrə sərnişin yeri hazırkı 178-dən təqribən 60
faiz artaraq 282-yə çatdırılacaq.

Əlavə vaqonlara biletlər bu gündən satışa çıxarılıb. Bu
vaqonlarda gediş haqqı hazırda istifadədə olan “Stadler” vaqonları
üzrə biletlərin qiyməti ilə müqayisədə daha münasibdir. Belə ki,
Bakı–Tbilisi–Bakı marşrutu ilə gediş haqqı məsafədən asılı olaraq
standart+ sinif üzrə 40.30 AZN-dən başlayır. Marşrut üzrə bir
istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 65.20 AZN,
Yevlaxdan 53.30 AZN, Gəncədən 49.30 AZN, Ağstafadan isə 45.30
AZN-dir. Böyük Kəsikdən Tbilisi vağzalı və Qardabani stansiyasına
isə müvafiq olaraq 43.40 və 40.30 AZN təşkil edir.

Xatırladaq ki, hazırda Bakıdan Tbilisiyə “Stadler” vaqonlarında
komfort sinif üzrə minimum gediş haqqı 79,5 AZN,Gəncədən isə 58.20
AZN-dir.

Beləliklə, son yenilik sayəsində daha çox sərnişinin
Bakı–Tbilisi–Bakı marşrutu ilə daha münasib qiymətə səfər etməsinə
imkan yaranır.




“Stadler” tipli vaqonlarla müqayisədə marşruta əlavə edilən
standart+ tipli yataq vaqonlarında ödənişsiz baqaj norması bu
vaqonların texniki xüsusiyyətləri və konstruktiv imkanları nəzərə
alınaraq 36 kq müəyyən edilib.

Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə standart+
vaqonlarında səyyar keytrinq, yəni mobil satış xidməti təşkil
olunacaq.

Qeyd edək ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə 25 may – 6 iyul
tarixlərində 25 minə yaxın bilet satılıb və 14 minə yaxın sərnişin
daşınıb. Bundan 6356 nəfər Tbilisi, 4343 nəfər Bakı, 1112 nəfər
Gəncə, 808 nəfər Yevlax, 520 nəfər Ağstafa və digər stansiyalardan
qatara minik edib. Bu da Bakı–Tbilisi–Bakı marşrutu üzrə səfər
edənlərin təqribən 40 faizinin bölgələrin payına düşdüyünü
göstərir.

Ümumilikdə ADY-nin son illərdə xidmət coğrafiyasının
genişləndirilməsi və sərnişin məmnuniyyətinin artırılması
istiqamətində həyata keçirdiyi layihələr nəticəsində qatarla
səyahətə üstünlük verənlərin sayı artıb. 2026-cı ilin 6 ayında
dəmir yolu ilə 5,4 milyondan çox sərnişin daşınıb. Bu, ötən ilin
eyni dövrünün göstəricisi (4,6 milyon nəfər) ilə müqayisədə 20
faizə yaxın artım deməkdir.

ADY sərnişinlərin rahat, əlçatan və təhlükəsiz səyahət
imkanlarından faydalanması üçün xidmətlərin daha da
təkmilləşdirilməsi istiqamətində tədbirləri davam etdirəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir