
Bakı.Trend:
Nəsimi rayonunda 70 kiloqram narkotik vasitə qanunsuz
dövriyyədən çıxarılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti
məlumat yayıb.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları
tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti
əməliyyatlar keçirilib.
Tədbirlərlə paytaxt ərazisində narkokuryerliklə məşğul olmaqda
şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı Ədalət Qədimovdan
22 kiloqram 210 qram marixuana, 44 yaşlı Elvin Əhmədovdan 29
kiloqram 770 qram marixuana, 39 yaşlı Günel Tağıyeva və tanışı, 45
yaşlı Aydın Qurbanovdan isə 18 kiloqram 615 qram marixuana
aşkarlanıb.
Son əməliyyatlar nəticəsində ümumilikdə 70 kiloqramdan artıq
narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər
ifadələrində narkotik vasitələri paytaxt ərazisində müxtəlif
ünvanlara çatdıraraq qanunsuz dövriyyəsini təşkil etməyi
planlaşdırdıqlarını bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə
saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri
seçilib.
Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları
tərəfindən cari ilin əvvəlindən narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı ümumilikdə 237
kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən
çıxarılıb.

