
Bakı.Trend:
ABŞ və İran arasında eskalasiyaların yenidən alovlanması fonunda
Birləşmiş Ştatların Maliyyə Nazirliyi İran mənşəli xam neft, neft
məhsulları, eləcə də neft-kimya məhsullarının istehsalı, daşınması,
satışı və digər əməliyyatlara icazə verən lisenziyanın qüvvəsinin
dayandırıldığını elan edib.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin
(OFAC) yaydığı məlumata görə, iyunun 21-də verilmiş lisenziyanın
ləğvi iyulun 7-dən qüvvəyə minib.
Eyni zamanda, Maliyyə Nazirliyi İran nefti ilə bağlı əvvəllər
bağlanmış müqavilələrin iyulun 17-dək başa çatdırılmasına icazə
verən yeni lisenziya dərc edib.
Lakin bu əməliyyatlara yalnız o şərtlə icazə verilir ki,
sanksiyalara məruz qalan şəxslərə ödənişlər ABŞ ərazisində yerləşən
bloklanmış hesaba köçürülsün.

