Bazar günü 36 mindən çox abituriyent qəbul imtahanı verəcək

Baş səhifə

Bakı. Trend:

Bazar günü 36356 abituriyent qəbul imtahanında iştirak
edəcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Qeyd edilib ki, iyulun 12-də I və IV ixtisas qrupları (o
cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər
üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçiriləcək.

İmtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa,
Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala,
Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran,
Cəlilabad, Quba və Xaçmazda təşkil olunacaq.

İştirakçılar iyulun 2-dən etibarən Dövlət İmtahan Mərkəzinin
saytından “İmtahana buraxılış
vərəqəsi
“ni çap edə bilirlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi şəhər
(rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan
binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat
10:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də
buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar
imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün
binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan
iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona
görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda
gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:




– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 153 imtahan
binası, 2658 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına
153 ümumi imtahan rəhbəri, 429 imtahan rəhbəri, 3304 nəzarətçi, 482
buraxılış rejimi əməkdaşı, 153 bina nümayəndəsi cəlb olunub.

İmtahanda I ixtisas qrupu üzrə 24997, IV ixtisas qrupu üzrə
5302, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini
seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahanda isə 6057
nəfər olmaqla, ümumilikdə 36356 abituriyentin iştirakı nəzərdə
tutulur.

İmtahanda 65 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,
serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak
edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan
binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının
81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş
şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli
abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də
şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud
iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim
keçirilib.

Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak
edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları
ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış
keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə
imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin
edilməsi məqsədilə imtahan mərkəzlərinə iyulun 11-də təkrar baxış
keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar
möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin
əməkdaşlarının mühafizəsinə veriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir