
Bakı. Trend:
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni
İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti beynəlxalq
səviyyədə növbəti uğura imza atıb.
Bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb
Bildirilib ki, Dövlət Xidməti ABŞ-nin nüfuzlu “World Economic
Magazine” nəşri tərəfindən təşkil edilən müsabiqədə “Mədəni
irsdə ictimai iştirak üzrə mükəmməllik – Azərbaycan 2026”
(Excellence in Public Engagement for Cultural Heritage Azerbaijan
2026) beynəlxalq mükafatına layiq görülüb.
Mükafat mədəni irsin qorunması və idarə olunması sahəsində
ictimai iştirakçılığın təmin edilməsi, innovativ yanaşmaların
tətbiqi, mədəni irs obyektlərinin rəqəmsallaşdırılması və məlumat
bazalarının səmərəli idarə olunması istiqamətində həyata keçirilən
fəaliyyətə görə təqdim edilib. Qiymətləndirmə zamanı Dövlət
Xidmətinin vətəndaş mərkəzli xidmət modelinin formalaşdırılması,
6 istiqamət üzrə rəqəmsallaşdırılmış xidmətlərin “bir pəncərə” prinsipi ilə təqdim edilməsi, müraciətlərin operativ
və şəffaf qəbulunun təmin olunması əsas meyarlardan biri kimi qeyd
edilib.
Bildirilib ki, vətəndaşların “MyCulture” portalında şəxsi
kabinet yaradaraq elektron xidmətlərdən istifadə etməsi və
müraciətlərinin icra vəziyyətini real vaxt rejimində izləməsi
vətəndaş məmnunluğunu artıran və ictimai iştirakçılığı təşviq edən
model kimi dəyərləndirilib.
Həmçinin, gənclərin mədəni irsin qorunması və təbliği sahəsində
fəal iştirakını təşviq edən “İrs Dostu” könüllü proqramı da yüksək
qiymətləndirilib. Qeyd olunub ki, proqram çərçivəsində könüllülərin
mədəni irs obyektlərinin mühafizəsi, maarifləndirmə və təbliğat
tədbirləri, tədqiqat, monitorinq və təşkilati işlərdə iştirakı
ictimai iştirakçılığın gücləndirilməsi baxımından mühüm təşəbbüs
hesab olunub.
Vurğulanıb ki, beynəlxalq mükafat Azərbaycanın mədəni irsin
qorunması sahəsində həyata keçirdiyi islahatların, müasir idarəetmə
prinsiplərinin, rəqəmsal inkişaf strategiyasının və cəmiyyətin bu
prosesə fəal cəlb olunmasına yönəlmiş siyasətin beynəlxalq
səviyyədə yüksək qiymətləndirildiyini təsdiqləyir.
Qeyd edək ki, “World Economic Magazine” tərəfindən təşkil olunan
müsabiqələrdə Avstraliya, ABŞ, İsveçrə, Portuqaliya, Kanada, Misir,
Meksika, Səudiyyə Ərəbistanı və digər ölkələri təmsil edən dövlət
qurumları və özəl təşkilatlar da müxtəlif nominasiyalar üzrə
mükafatlara layiq görülüblər.
Məlumata görə, Dövlət Xidməti cari il ərzində mədəni irsin
qorunması və idarə olunması sahəsində bir sıra beynəlxalq
mükafatlar qazanaraq Azərbaycanın bu sahədə artan nüfuzunu və
innovativ yanaşmalarını beynəlxalq müstəvidə nümayiş etdirib.

