
Bakı. Trend:
Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti
və çaylardan sel keçməsi səbəbindən Qax–Balakən sahəsində dəmiryol
infrastrukturuna ciddi zərər dəyib.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat xidməti
məlumat yayıb.
Bildirilib ki, təhlükəsizlik məqsədilə həmin sahədə qatarların
hərəkəti məhdudlaşdırılıb və bu gündən etibarən 20 iyul tarixinə
qədər Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən stansiyalarına
bilet satışı müvəqqəti dayandırılıb.
“Təhlükəsizlik tədbirlərinə uyğun olaraq 8 – 20 iyul
tarixlərində Bakı–Balakən qatarları Qax stansiyasına qədər hərəkət
edəcək. Balakən–Bakı qatarları isə Qax stansiyasından hərəkətə
başlayacaq.
Sərnişinlərin digər stansiyalardan Qax stansiyasına və əksinə
çatdırılması üçün ödənişsiz avtobuslar təyin ediləcək”, – deyə
məlumatda bildirilib.

