
İran ABŞ-dən genişmiqyaslı hərbi təhdid hiss edəcəyi təqdirdə nüvə doktrinasını dəyişdirmək və Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmaq variantlarını nəzərdən keçirə bilər.
Modern.az xəbər verir ki, bu barədə Əl-Məyadin telekanalına açıqlamasında İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rəzai bildirib.
Onun sözlərinə görə, ABŞ tərəfindən genişmiqyaslı hərbi təhlükə yaranarsa, İranın cavab variantlarından biri Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmaq ola bilər.
O, əlavə edib ki, rəsmi Tehran İranın mövcudluğuna təhlükə hiss edərsə, nüvə doktrinasına yenidən baxılması məsələsini də nəzərdən keçirə bilər.
İbrahim Rəzai, həmçinin iddia edib ki, İran regionda baş vermiş son müharibə zamanı malik olduğu imkanların böyük hissəsindən istifadə etməyib. O, ABŞ Prezidenti Donald Trampı dəstəkləyən Fars körfəzi ölkələrinə müraciət edərək onların neft və qaz yataqları ilə bağlı narahat olmalarını tövsiyə edib.

