
Bakı.Trend:
Azərbaycanın makroiqtisadi göstəriciləri sabit olaraq qalır,
lakin şaxələndirilmiş qeyri-neft iqtisadiyyatına keçid artıq
uzunmüddətli hədəf deyil, zəruri ehtiyaca çevrilib.
Trend-in tədbirdə
iştirak edən müxbiri xəbər verir ki, bunu Dünya Bankının Cənubi
Qafqaz ölkələri üzrə baş iqtisadçısı Val Mansur “İqtisadi artımın
və iqtisadiyyatın şaxələndirilməsinin təşviqi üçün turizm
potensialının reallaşdırılması” mövzusunda keçirilən tədbirdə
deyib.
Onun sözlərinə görə, iqtisadi artım dinamikasında dəyişikliklərə
baxmayaraq, iqtisadiyyatın fundamental göstəriciləri sabit olaraq
qalır.
“Hökumət büdcə profisitini qoruyub saxlayıb, dövlət borcu aşağı
səviyyədədir, beynəlxalq valyuta ehtiyatları kifayət qədərdir, bank
sektoru isə sabitliyini qoruyur”, – deyə Dünya Bankının nümayəndəsi
vurğulayıb.
V.Mansur bildirib ki, neft-qaz sektorunun iqtisadi artımın əsas
mənbəyi kimi rolunun azalması fonunda iqtisadiyyatın yeni inkişaf
lokomotivlərinə ehtiyacı var.
“Məhz buna görə də Dünya Bankının bugünkü hesabatı regional
inkişaf, məşğulluğun artırılması və xidmət sektorunun genişlənməsi
baxımından böyük potensiala malik turizm sahəsinə həsr olunub.
Hotel biznesi və informasiya-kommunikasiya texnologiyaları sektoru
nisbətən sabit inkişaf dinamikasını qoruyub. Əmək bazarında da
müsbət dinamika müşahidə olunub. Məşğulluğun artımı il ərzində
davam edib. Daha vacib məqam isə ondan ibarətdir ki, yeni iş
yerlərinin əksəriyyəti dövlət deyil, özəl sektor tərəfindən
yaradılıb”, – deyə o bildirib.
Mansurun sözlərinə görə, işsizlik səviyyəsi 5,3 faizdən 5,2
faizə enib və il ərzində xalis ifadədə təxminən 75,8 min yeni iş
yeri yaradılıb.
“Xarici iqtisadi şəraitin yaxşılaşması ilə ümumi inflyasiya
səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. İnflyasiyanın zəifləməsi
fonunda Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin ikinci yarısında uçot
dərəcəsini iki dəfə, ümumilikdə 50 baza bəndi endirib. 2025-ci ildə
cari əməliyyatlar hesabının profisiti ÜDM-in təxminən 4,6 faizi
səviyyəsində olub, dövlət büdcəsi isə müsbət saldo ilə icra edilib.
Dövlət borcu çox aşağı səviyyədə – ÜDM-in təxminən 20 faizi
həcmində qalır. Bu isə ölkəyə mümkün xarici şoklara operativ
reaksiya vermək və iqtisadiyyatın şaxələndirilməsi tədbirlərini
maliyyələşdirmək üçün geniş fiskal imkanlar yaradır.
2026-cı ildə Dünya Bankı neft sektorunda sabitləşmə və
qeyri-neft iqtisadiyyatında istehlakın tədricən bərpası hesabına
iqtisadi artımın sürətlənəcəyini gözləyir. Orta müddətli
perspektivdə hökumət balanslaşdırılmış makroiqtisadi siyasəti davam
etdirmək niyyətindədir. Orta müddətli büdcə siyasəti dövlət
maliyyəsinin uzunmüddətli dayanıqlığının təmin edilməsinə yönəlib.
Balanslaşdırılmış fiskal siyasət bazarların etimadını gücləndirir
və kredit reytinqlərinə, borclanma xərclərinə, eləcə də birbaşa
xarici investisiyaların axınına müsbət təsir göstərir”, – deyə
Dünya Bankının nümayəndəsi əlavə edib.

