İran ABŞ-nin hücumlarını qınayıb

Baş səhifə

Bakı. Trend:

İran ötən gecə ABŞ-nin İranın müxtəlif məkanlarına hava
hücumları həyata keçirməsini ən kəskin şəkildə qınayır.

Bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında qeyd
olunub.

“İran Xarici İşlər Nazirliyi ABŞ-nin ötən gecə İranın cənubunda
sahil vilayətlərində bir neçə məkanı, ölkənin şərq vilayətlərində
Məşhəd şəhəri dəmiryolu xəttində iki körpünü vurmasını ən kəskin
şəkildə qınayır və İranın öz ərazi bütövlüyü, suverenliyi və
təhlükəsizliyini müdafiə etmək üçün qətiyyətli iradəyə sahib
olduğunu bildirir”, – deyə bəyanatda qeyd olunub.

Bəyanatda əlavə olunur ki, ötən 48 saat ərzində ABŞ 7 iyulda
Hörmüz boğazından qaydanı pozaraq keçməyə cəhd edən gəmi ilə
əlaqədar hadisələri əsas götürərək İrana hücumlar edib və bu
hücumlar BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin, eləcə də
müharibəyə son qoyulmasına dair İslamabad anlaşma memorandumunun 1
və 5-ci müddəalarının açıq-aşkar şəkildə pozulmasıdır.

Bəyanatda bildirilir ki, İran Xarici İşlər Nazirliyi ötən 48
saat ərzində ABŞ-nin hücumları nəticəsində ölən bir qrup dənizçi
ilə əlaqədar başsağlığı verir və İranın özünü müdafiəsi
istiqamətində tam iradəyə sahib olduğunu vurğulayır.




Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu gün verdiyi
açıqlamaya görə, Mərkəzi Komandanlıq qüvvələri Hörmüz boğazında
İranın ticarət gəmilərinə və günahsız mülki dənizçilərə hücum etmək
qabiliyyətini daha da zəiflətmək məqsədilə İrana qarşı əlavə bir
hücum həyata keçirib. ABŞ qüvvələri İranın təxminən 90 hərbi
hədəfinə zərbə endirib.

İran da Bəhreyn və Küveytdə ABŞ-nin hərbi mərkəzlərini atəşə
tutduğunu bildirib.

Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə atəşkəs razılaşması əldə olunub.

18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb.
Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti
Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə
minib.

21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan
və Qətərin vasitəçiliyi ilə baş tutub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir