
Bakı. Trend:
Ölkədə yüksək enerji istehlak edən qeyri-yaşayış binalarında
enerji səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən
tədbirlər çərçivəsində Energetika Nazirliyinin iştirakı ilə 52
enerji idarəçisi (meneceri) təyin olunub.
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi
haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə
əsasən, tikinti sahəsi ən azı 10 000 kvadratmetr və ya illik enerji
istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış
binalarında enerji idarəçisi (meneceri) təyin edilməsi
məcburidir.
Enerji idarəçiləri müəssisələrdə enerji istehlakının monitorinqi
və təhlilini aparır, enerji itkilərinin müəyyənləşdirilməsi və
azaldılması, enerji səmərəliliyinin artırılması, həmçinin enerji
resurslarından daha rasional istifadənin təmin edilməsi
istiqamətində tədbirlərin həyata keçirilməsinə dəstək
göstərirlər.
Enerji idarəetmə sisteminin tətbiqi müəssisələrə enerji
xərclərinin optimallaşdırılmasına, kommunal ödənişlərin
azaldılmasına, enerji itkilərinin minimuma endirilməsinə və mövcud
resurslardan daha səmərəli istifadəyə imkan yaradır. Bu baxımdan
enerji idarəçisi müəssisələrdə enerji siyasətinin həyata
keçirilməsində və enerji səmərəliliyi tədbirlərinin
koordinasiyasında mühüm rol oynayır.
Energetika Nazirliyi yüksək enerji istehlak edən qeyri-yaşayış
binalarının mülkiyyətçilərini və idarəçilərini qanunvericiliyin
tələblərinə uyğun olaraq enerji idarəçisi (meneceri) təyin etməyə
və enerji səmərəliliyinin artırılması istiqamətində görülən işlərə
fəal qoşulmağa çağırır.

