Satışda olan meyvə şirələrində rəngləyici aşkarlandı

Baş səhifə

Bakı. Trend:

Satış obyektlərində satışa çıxarılan bəzi meyvə şirəsi və nektar
məhsullarında rəngləyici maddə aşkarlanıb.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi
Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, istehlakçı hüquqlarının qorunması məqsədilə satış
obyektlərində satışa çıxarılan meyvə şirəsi və nektar məhsulları
üzrə nəzarət tədbirləri həyata keçirilib.

Monitorinq çərçivəsində 16 istehsalçı müəssisəyə məxsus 17
məhsuldan nümunələr götürülərək qida rəngləyiciləri, qoruyucu
maddələr və orqanoleptik göstəricilər üzrə laborator müayinələrə
təqdim olunub.




Sınaq nəticələrinə əsasən, 4 istehsalçı müəssisəyə məxsus 5
məhsulda meyvə və tərəvəz nektarları, eləcə də konsentratlarından
əldə olunan məhsullarda istifadəsinə yol verilməyən rəngləyici
maddələr aşkarlanıb. Uyğunsuzluqlar “Göyçay Süd” ASC, “Drop Be-Az”
MMC, “İmperial 01” MMC və “LG Konserv” MMC-yə məxsus məhsullarda
müəyyən edilib.

Bundan əlavə, “İmperial 01” MMC-yə məxsus nar şirəsi emalı
müəssisəsində aparılmış yoxlama zamanı ciddi sanitariya-gigiyena
pozuntuları aşkarlanıb. Bununla əlaqədar müəssisənin fəaliyyəti
məhdudlaşdırılıb.

Bildirilib ki, müvafiq normativ sənədin tələblərinə əsasən,
aşkarlanan rəngləyici maddələrin yalnız dad-aromatik maddələr əlavə
edilmiş içkilərdə istifadəsinə icazə verilir. Meyvə şirələri və
nektarlarda isə həmin maddələrin istifadəsinə yol verilmir.

Məlumata görə, aşkarlanmış uyğunsuzluqlarla bağlı
qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb
və icrası məcburi göstərişlər verilib. Qəbul edilmiş müvafiq qərar
əsasında ticarət şəbəkələrindən geri çağırılmış məhsul
partiyalarının məhv edilməsi nəzərdə tutulur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir