
Bakı. Trend:
13-14 iyul 2026-cı il tarixlərində Şuşada 4-cü Qlobal Media
Forumu keçiriləcək.
Bu barədə Medianın İnkişafı Agentliyinin rəsmi saytında məlumat dərc edilib.
Bildirilib ki, artıq nüfuzlu beynəlxalq platformalardan birinə
çevrilmiş Şuşa Qlobal Media Forumu bu il “Sülhün təşviqində
medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən
qurulması” mövzusuna həsr olunacaq.
Dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və
rəsmi şəxsin iştirak edəcəyi forumda 30-a yaxın beynəlxalq
informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil
olunacaq. Həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkətin
nümayəndələri də foruma qatılacaq.
Forum çərçivəsində medianın sülh quruculuğundakı rolu,
sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası,
dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal
platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni
intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi
aktual mövzular ətrafında panel müzakirələri, təkbətək görüşlər və
interaktiv sessiyalar təşkil olunacaq.
Forum mediada məsuliyyətli davranışın vacibliyini önə çəkərək,
cəmiyyətlər arasında sarsılmış etimadın bərpası, rəqəmsal
həmrəyliyin gücləndirilməsi və sülhün təmin olunması istiqamətində
praktiki addımların atılmasına töhfə verməyi hədəfləyir.
Qeyd edək ki, 2022-ci ildə ilk dəfə “Mediada qlobal trendlər,
yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu keçirilib.
Sonrakı illərdə bu təşəbbüs Şuşa Qlobal Media Forumu formatında
davam etdirilib. Belə ki, 2023-cü ildə keçirilən 1-ci Şuşa Qlobal
Media Forumu “4-cü Sənaye İnqilabı dövründə Yeni Media”, 2024-cü
ildə baş tutan 2-ci Şuşa Qlobal Media Forumu “Yalan məlumatların
ifşası: Dezinformasiyaya qarşı mübarizə”, 2025-ci ildəki 3-cü Şuşa
Qlobal Media Forumu isə “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə
İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzularına
həsr olunub.
İndiyədək keçirilmiş dörd forum ərzində 81 ölkədən 600-ə yaxın
nüfuzlu media nümayəndəsi, ekspert və rəsmi şəxsi bir araya gətirən
Şuşa Qlobal Media Forumu qlobal media gündəliyinin müzakirə
olunduğu aparıcı beynəlxalq platformalardan biri kimi öz mövqeyini
möhkəmləndirib.
Forumun əvvəlki illərdə keçirilən sessiyalarında rəqəmsal
transformasiya, süni intellekt texnologiyalarının media sektoruna
və xəbər istehsalı proseslərinə təsiri, bu texnologiyaların
yaratdığı imkanlar və çağırışlar, mediada innovasiyalar,
dezinformasiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın və
həmrəyliyin gücləndirilməsi kimi məsələlər geniş müzakirə olunub.
Son illərdə qlobal informasiya mühitində baş verən sürətli
dəyişikliklər həmin mövzuların aktuallığını daha da artırıb. Bu
baxımdan, əvvəlki forumlarda əsası qoyulan müzakirələrin davamı
olaraq, sözügedən istiqamətlər 4-cü Şuşa Qlobal Media Forumunun da
əsas diqqət mərkəzində olacaq və müasir çağırışlar kontekstində
ətraflı müzakirə ediləcək.

