
Bakı. Trend:
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin
İdarə Heyətinin sədri Selçuk Bayraktarın rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat
yayıb.
Görüşdə general-polkovnik Z.Həsənov iki qardaş ölkə arasında
münasibətlərin bütün digər sahələrdə olduğu kimi hərbi sahədə də
uğurla inkişaf etdiyini bildirib.
“Baykar” şirkətinin Türkiyənin müdafiə sənayesindəki böyük rolu
olduğunu diqqətə çatdıran nazir, qabaqcıl texnoloji innovasiyaların
tətbiqi ilə birgə istehsalat potensialının daha da artırılmasının
əhəmiyyətini vurğulayıb.
S.Bayraktar göstərilən qonaqpərvərliyə görə təşəkkürünü
bildirərək qarşılıqlı səfərlərin Azərbaycan-Türkiyə hərbi və
hərbi-texniki əməkdaşlığının möhkəmlənməsinə müsbət təsir
göstərdiyini xüsusi qeyd edib.
Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri Birol Akgünün də iştirak etdiyi görüşdə tərəflər pilotsuz
uçuş aparatları, radioelektron mübarizə, insansız sistem vasitələri
və digər sahələrə dair ətraflı fikir mübadiləsi aparıblar.

