Bakı. Trend:
Son 15 ildə göl və nohur balıqçılığı ilə məşğul olan təsərrüfat
subyektlərinin sayı 93-dən 133-ə yüksələrək 43 faiz artsa da, həmin
dövrdə istehsal 423 tondan 347 tona düşüb. Bu fakt
göstərir ki, sahənin inkişafı üçün təkcə təsərrüfatların sayının
artması kifayət etmir, müasir texnologiyalar, elmi idarəetmə və
yeni istehsal modelləri tətbiq olunmalıdır.
Trend-in
tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Təbii
ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq
Qurbanov parlamentin bugünkü iclasında “Balıqçılıq haqqında” qanun
layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, hazırda dünyada istehlak olunan balıq
məhsullarının yarıdan çoxu akvakultura hesabına istehsal edilir.
Onun sözlərinə görə, Azərbaycanda isə 2024-cü ildə ümumi balıq
istehsalı 67 min tondan çox olsa da, bunun cəmi
347 tonu akvakulturanın payına düşür və bu
göstərici mövcud potensialdan hələ də tam istifadə olunmadığını
göstərir.
S.Qurbanov qeyd edib ki, ölkədə 100-ə yaxın
orta və iri balıqyetişdirmə təsərrüfatı fəaliyyət göstərsə də, yeni
qanun investisiyaların cəlb edilməsinə, istehsalın
genişləndirilməsinə və bu potensialın iqtisadi dövriyyəyə daxil
edilməsinə daha geniş hüquqi imkanlar yaradacaq.
Deputat bildirib ki, qanun layihəsinin əhəmiyyətini üç əsas
istiqamətdə qiymətləndirmək olar.
Onun sözlərinə görə, birinci istiqamət ərzaq təhlükəsizliyidir. “Balıq yüksək qida dəyərinə malik strateji məhsuldur. Yerli
istehsalın artırılması daxili bazarın təminatını gücləndirəcək,
idxaldan asılılığı azaldacaq və ölkənin ərzaq təhlükəsizliyinə
mühüm töhfə verəcəkdir”, – deyə o vurğulayıb.
S.Qurbanov qeyd edib ki, ikinci istiqamət iqtisadi inkişafdır. O
bildirib ki, layihə balıqçılıq və akvakultura sahəsində
sahibkarlığın genişlənməsini, emal sənayesinin, logistikanın və
regionlarda məşğulluğun artmasını təşviq edir.
Komitə sədrinin sözlərinə görə, dövlət dəstəyi mexanizmləri,
güzəştli maliyyələşmə imkanları, eləcə də balıq ehtiyatlarının
artırılması və mühafizəsi fondunun yaradılması sahənin investisiya
cəlbediciliyini daha da yüksəldəcək.
O əlavə edib ki, üçüncü istiqamət ekoloji təhlükəsizlikdir. “Layihə iqtisadi maraqlarla ekoloji məsuliyyət arasında balans
yaradır. Nərə cinsli balıqların və digər qiymətli növlərin
mühafizəsi, kürütökmə sahələrinin qorunması, invaziv növlərin
yayılmasının qarşısının alınması, su hövzələrinin monitorinqi və
meliorasiyası ilə bağlı müasir hüquqi mexanizmlər müəyyən edilir”,
– deyə S.Qurbanov bildirib.
Deputat qeyd edib ki, qanunda dövlət siyasətinin əsas
prinsipləri sırasında dayanıqlı istehsal, elmi əsaslarla kvotaların
müəyyən edilməsi, rəqəmsal idarəetmə, biomüxtəlifliyin qorunması və
akvakulturanın inkişafı xüsusi yer tutur. Onun fikrincə, bu yanaşma
balıq ehtiyatlarının idarə olunmasında şəffaflığı və səmərəliliyi
əhəmiyyətli dərəcədə artıracaq.

S.Qurbanov diqqətə çatdırıb ki, son 15 ildə göl və nohur
balıqçılığı ilə məşğul olan təsərrüfat subyektlərinin sayı
93-dən 133-ə yüksələrək 43 faiz
artsa da, həmin dövrdə istehsal 423 tondan 347
tona enib.
“Bu fakt göstərir ki, sahənin inkişafı üçün təkcə
təsərrüfatların sayının artması kifayət etmir, müasir
texnologiyalar, elmi idarəetmə və yeni istehsal modelləri tətbiq
olunmalıdır”, – deyə o vurğulayıb.
Deputat hesab edir ki, gələcək mərhələdə akvakulturanın
inkişafında əsas istiqamətlərdən biri də Xəzər dənizinin Azərbaycan
sektorunun imkanlarından daha səmərəli istifadə olunması ola bilər.
Onun sözlərinə görə, bu yanaşma kənd təsərrüfatı təyinatlı torpaq
ehtiyatlarına əlavə yük yaratmadan istehsalın genişləndirilməsinə
şərait yaradacaq.

