Azərbaycan mədəniyyətinin rəngarəngliyi Kanadada (FOTO)

Baş səhifə

Bakı. Trend:

Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Turkuaz Türk
İncəsənət və Mədəniyyəti Fondunun təşkilatçılığı ilə Ontario
əyalətinin Vaughan şəhərində “Turkuaz Türk Multikultural Festivalı”
keçirilib.

Kanada Multikulturalizm Gününə həsr olunan festivalda türk
dünyasının zəngin mədəni irsi bir araya gətirilib, minlərlə
ziyarətçiyə rəngarəng proqram təqdim edilib. Tədbirdə türk
xalqlarının mədəniyyətini təmsil edən 40-dan çox stenddə milli
mətbəx nümunələri, əl işləri sərgiləri, mədəni təqdimatlar,
keramika üzrə ustad dərsləri, ebru sənəti, türk qəhvəsinin
hazırlanması, təqdimatı və uşaqlar üçün əyləncə proqramları böyük
maraqla qarşılanıb. Azərbaycan, Türkiyə, Özbəkistan, Gürcüstan,
Krım tatarları, uyğur, tatar, başqırd və digər icmaları təmsil edən
25-dən artıq peşəkar musiqi və rəqs kollektivi türk dünyasının
zəngin mədəni müxtəlifliyini və ortaq irsini nümayiş etdirib.

Tədbirdə qurulan Azərbaycan stendi ziyarətçilərin xüsusi
marağına səbəb olub. Burada qonaqlara Azərbaycanın tarixi
abidələri, milli rəqsləri, mədəni dəyərləri və zəngin irsi haqqında
geniş məlumat verilib.

Ümumilikdə mindən artıq iştirakçının qatıldığı festivalda
Kanadadakı Azərbaycan Evi, Təbriz Azərbaycan Musiqi və Rəqs
Ansamblı, Hamilton Azərbaycan İcması və Azərbaycanlı Qadınlara
Dəstək Mərkəzi ölkəmizin zəngin mədəni irsini nümayiş etdirib.
Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım”
həftəsonu məktəbinin şagirdlərinin çıxışları izləyicilərə xoş və
yaddaqalan anlar yaşadıb. Təbriz Azərbaycan Musiqi və Rəqs
Ansamblının milli və rəngarəng geyimli solistlərinin,
rəqqaslarının, eləcə də musiqiçilərinin nümayiş etdirdikləri
peşəkar performans tamaşaçıları valeh edib.




Turkuaz Fondunun rəhbərləri Nəsrin Attari və Şervin Şadpur
fondun Kanadada türk mədəni irsinin təşviqi istiqamətindəki
fəaliyyətindən danışıblar. Mədəniyyətlərarası dialoqun
gücləndirilməsinin, ortaq irsin qorunması və müxtəlif icmalar
arasında qarşılıqlı anlaşmanın önəmini vurğulayıblar.

Festivalın sonunda bütün ifaçılar mükafatlandırılıb, tədbirin
uğurla keçirilməsində əməyi olan könüllülərə, sponsorlara,
tərəfdaşlara və təşkilat komandasının üzvlərinə xüsusi təşəkkür
ifadə olunub.

İcma üzvləri festivalın təşkilinə göstərdiyi dəstəyə görə
Azərbaycan dövlətinə, o cümlədən Azərbaycan Respublikasının
Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıq ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir