“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə təsdiqlənib

Baş səhifə

Bakı. Trend:

“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə
təsdiq edilib.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qərar Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 25 noyabr tarixli 536 nömrəli Fərmanının icrasının təmin
edilməsi məqsədilə hazırlanmışdır. Qərarla “Ərzaq təminatı
xəritəsi” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilir və
informasiya sisteminin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji
əsasları müəyyən olunur.

Qərar ölkənin ərzaq təminatı və ərzaq təhlükəsizliyi sahəsində
məlumatların vahid informasiya məkanında formalaşdırılması,
aidiyyəti dövlət orqanları arasında məlumat mübadiləsinin
təkmilləşdirilməsi, bu sahədə monitorinq və təhlil imkanlarının
genişləndirilməsi, habelə qərar qəbuletmə prosesinin etibarlı
informasiya ilə təmin edilməsi məqsədilə hazırlanıb.




Qərar ilə “Ərzaq təminatı xəritəsi” informasiya sisteminin
fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsasları müəyyən
edilir, sistemin strukturu, funksional imkanları, məlumatların
toplanılması, işlənilməsi, saxlanılması, mühafizəsi və mübadiləsi
qaydaları, habelə sistemin sahibi, operatoru, iştirakçıları və
istifadəçilərinin hüquq və vəzifələri tənzimlənir.

Qərarın qəbul edilməsi nəticəsində ölkənin ərzaq təminatına dair
məlumatların mərkəzləşdirilmiş qaydada idarə olunması təmin
ediləcək, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsi və
koordinasiya gücləndiriləcək, ərzaq məhsulları üzrə istehsal,
istehlak, ehtiyat, idxal və ixrac göstəricilərinin operativ
monitorinqi və proqnozlaşdırılması imkanları genişlənəcəkdir. Eyni
zamanda, ərzaq təminatında yarana biləcək risklərin vaxtında
müəyyənləşdirilməsi, bazarda tələb və təklif balansının
qiymətləndirilməsi, dövlət dəstəyi tədbirlərinin daha səmərəli
planlaşdırılması, qiymət sabitliyinin qorunması və strateji
qərarların elmi əsaslarla qəbul edilməsi üçün etibarlı informasiya
bazası formalaşdırılacaqdır.

Nəticə etibarilə, qərarın qəbul edilməsi ölkənin ərzaq
təhlükəsizliyinin möhkəmləndirilməsinə, ərzaq təminatının
dayanıqlığının artırılmasına, dövlət idarəetməsinin səmərəliliyinin
yüksəldilməsinə və bu sahədə rəqəmsal idarəetmə mexanizmlərinin
inkişafına xidmət edəcəkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir