
Bakı.Trend:
Polşanın Sosnovets şəhərinin dairə məhkəməsi Rusiya vətəndaşı
İqor Roqovu Rusiya xüsusi xidmət orqanlarının xeyrinə casusluqda
təqsirli bilərək 7 il müddətinə azadlıqdan məhrum edib. Onun həyat
yoldaşı İrina isə casusluq fəaliyyətinə yardım göstərdiyinə görə 3
il həbs cəzasına məhkum olunub.
Bu barədə Polşa prokurorluğunun məlumatında deyilir.
İstintaqın məlumatına görə, Polşada siyasi sığınacaq aldıqdan
sonra Roqov bir neçə il ərzində Rusiyanın Federal Təhlükəsizlik
Xidməti (FTX) ilə əməkdaşlıq edib. Prokurorluqdan bildirilib ki, o,
Polşada yaşayan rusiyalı müxalif fəallar, onlara yardım göstərən
təşkilatlar, həmçinin Polşanın dövlət qurumlarının fəaliyyəti və
rusiyalılara polyak dili tədris edən müəllimlər barədə məlumatları
Rusiya kəşfiyyatına ötürüb.
İstintaq müəyyən edib ki, Roqov topladığı məlumatların bir
hissəsini həyat yoldaşı Rusiyaya yola düşməzdən əvvəl fləş yaddaş
vasitəsilə ona verib. Məhkəmə qadını casusluq fəaliyyətinə yardım
göstərməkdə təqsirli bilib.

