
Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev bu ölkənin
xarici işlər naziri Roberto Velasko Alvaresin akkreditə olunmuş
diplomatik korpusla görüşündə iştirak edib.
Bu barədə Azərbaycanın Meksikadakı səfirliyi “X” sosial şəbəkə
hesabında məlumat paylaşıb.
“Görüş zamanı nazir Xarici İşlər Nazirliyinə rəhbərlik etdiyi
ilk 100 gün ərzində əldə olunan əsas nəticələr barədə məlumat
verib. Tədbir çərçivəsində səfir Seymur Fətəliyev xarici işlər
naziri ilə qısa fikir mübadiləsi apararaq Azərbaycan ilə Meksika
arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da
möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb,” – deyə paylaşımda
bildirilir.

