Hacı Kərimov Avropa çempionatının finalına vəsiqə qazanıb

Baş səhifə

Bakı. Trend:

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U20 Avropa
Güləş Çempionatı davam edir.

Yarışın beşinci günündə sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97
kq çəki dərəcələrində qaliblər müəyyənləşib.

57 kq çəki dərəcəsində çıxış edən Muhəmməd İsmayılov Böyük
Britaniya təmsilçisi Dariuş Jovkarı (10:0), daha sonra moldovalı
Georgi Qaydarjini (11:0) tam üstünlüklə məğlub edərək yarımfinala
yüksəlib. O, yarımfinalda rusiyalı Maqomed Özdəmirova 2:4 hesabı
ilə uduzduğundan sabah bürünc medal uğrunda mübarizə aparacaq.

65 kq-da mübarizə aparan Bəşir Verdiyev yunanıstanlı Pavlos
Ntiantiadisi 10:0 hesabı ilə üstələyib, rusiyalı Səid Gerqokovu isə
sonuncu xal prinsipinə əsasən (2:2) məğlub edərək yarımfinala
adlayıb. Lakin bu mərhələdə ermənistanlı Aren Hayrapetyana 5:6
hesabı ilə məğlub olan güləşçi sabah üçüncü yer uğrunda görüşə
çıxacaq.




70 kq çəki dərəcəsində Hacı Kərimov bolqarıstanlı Vladislav
Seyzov və slovakiyalı Dominik Zavaçki üzərində eyni – 10:0 hesablı
qələbə qazanaraq yarımfinala vəsiqə əldə edib. Yarımfinalda
rusiyalı Ramazan Abdulkadırovu 7:0 hesabı ilə məğlub edən
idmançımız finala yüksəlib. O, qızıl medal uğrunda görüşdə fransalı
Bayssanqur Bitmurzayevlə qarşılaşacaq.

79 kq-da çıxış edən Elcan İsmayılzadə təsnifat mərhələsində
rusiyalı Maqomed Alibaxarçiyevə 0:4 hesabı ilə uduzub. Rəqibinin
finala yüksəlməsi Elcana təsəlliverici görüşlərdə iştirak etmək
imkanı yaradıb və o, ispaniyalı David Kodakovla üz-üzə gələcək.

97 kq çəki dərəcəsində mübarizə aparan Fərhad Süleymanlı əvvəlcə
rumıniyalı Balaş Lorinçi 12:5 hesabı ilə, daha sonra almaniyalı Tom
Ulameti isə 11:0 hesablı tam üstünlüklə məğlub edərək yarımfinala
yüksəlib. O, finalın bir addımlığında fransalı Asxab Dadayevə 2:4
hesabı ilə uduzub və sabah bürünc medal uğrunda güləşəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir