Nigeriyada may ayında qaçırılan onlarla şagird və müəllim azad edilib

Baş səhifə

Mayın 15-də Nigeriyanın cənub-qərbində yerləşən Oyo ştatında üç
məktəbdən 46 şagird və məktəb əməkdaşları qaçırılmışdı.

Prezident administrasiyasının məlumatına görə, onların
qaçırılmasında iştirak edən şəxslərdən bir neçəsi öldürülüb, daha
səkkiz nəfər isə həbs edilib.

Təxminən iki ay əvvəl Nigeriyanın cənub-qərbində qaçırılan
onlarla şagird azad edilib. Bu barədə iyulun 10-da prezidentin
mətbuat katibi məlumat verib.

Hökumət qüvvələrinin “Boko Haram” qruplaşmasının üzvləri kimi
təqdim etdiyi silahlı şəxslər mayın 15-də Oyo ştatının üç
məktəbindən 46 şagird və işçini qaçırmışdı.

Old Oyo Milli Parkının yaxınlığında yerləşən Esiele və Yavota
kəndlərindəki məktəblərə hücum qısa müddətdə ölkənin əsas gündəm
mövzularından birinə çevrilmiş, etiraz aksiyalarına, müəllimlərin
bir aylıq tətilinə və beynəlxalq qınağa səbəb olmuşdu.




Nigeriya Prezidenti Bola Tinubu bəyanatında bildirib:
“Təhlükəsizlik qüvvələrimizin Oyo ştatının Oqbomoso bölgəsində,
Orire rayonunda qaçırılmış şagird və müəllimləri bu gün xilas
etməsindən dərin məmnunluq hissi keçirirəm. Ordu, polis və
kəşfiyyat xidmətlərinin birgə əməliyyatı nəticəsində bu dəhşətli
cinayəti törədən terrorçulardan bəziləri zərərsizləşdirilib, daha
səkkiz nəfər isə həbs olunub”.

Bundan əvvəl prezidentin mətbuat katibi Bayo Onanuqa “X” sosial
şəbəkəsində bəzi uşaqların fotolarını paylaşaraq onların azad
edildiyini açıqlamışdı. O qeyd edib ki, “terrorçular” hakimiyyət
orqanlarının əlində olan silahdaşlarından birinin azadlığa
buraxılmasını tələb ediblər.

Həmin gün Borno ştatının şimal-şərqində, aralarında cəmi iki
yaşı olan uşaqların da olduğu təxminən 40 məktəbli də qaçırılıb.
Onlar hələ də əsirlikdə saxlanılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir