
Bakı.Trend:
Fövqəladə Hallar Nazirliyi (FHN) həftəsonu çimərliklərə üz tutan
vətəndaşlara müraciət edib.
Bu barədə nazirliyin Mətbuat xidmətindən bildirilib.
“İsti yay günlərində əhalinin xüsusilə həftəsonları istirahət
üçün kütləvi üz tutduqları məkanlardan biri də su hövzələridir.
Lakin təəssüflə qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyi
tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq,
bəzi vətəndaşlar tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl
olunmaması sonda acı nəticələrə səbəb olur”,deyə FHN-in Mətbuat
xidmətindən bildirilib.
Qurumdan qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyi əhaliyə
müraciət edərək çimərliklərlə bağlı təhlükəsizlik qaydalarına əməl
etməyin vacibliyini bir daha xatırladır.
Belə ki, aşağıdakılar qadağandır:
– çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə, o cümlədən kanal,
çay, arx və digər su hövzələrində çimmək;
– çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
– küləkli havada dənizə girmək;
– çimərlikdə gecələmək;
– sərxoş halda çimərlikdə olmaq;
– suda kobud hərəkətlər etmək;
– xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə
çimərliyə daxil olmaq.
Yadda saxlayın:
– çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan
və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və
tələblərinə sözsüz əməl edilməlidir!
– qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan
sonra suya daxil olmaq təhlükəlidir!
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin

