
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monqolustanın
Prezidenti Zati-aliləri cənab Uxnaaqiyn Xurelsuxa təbrik məktubu
ünvanlayıb.
Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc
edilib.
Məktubda qeyd olunub:
“Hörmətli cənab Prezident,
11 İyul – Monqolustanın milli bayramı münasibətilə Sizə və Sizin
simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən
səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Qarşılıqlı hörmətə və etimada əsaslanan Azərbaycan-Monqolustan
münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Biz xoş
ənənələr üzərində qurulmuş bu əlaqələrin hərtərəfli inkişafına
xüsusi əhəmiyyət veririk.
İnanıram ki, xalqlarımızın mənafeləri naminə ölkələrimiz
arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi,
qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımızın
genişləndirilməsi yolunda bundan sonra da birgə səylər
göstərəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə
uğurlar, dost Monqolustan xalqına daim əmin-amanlıq və firavanlıq
arzulayıram”.

