
Bakı. Trend:
Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 13-də Azərbaycana
rəsmi səfərə yola düşəcək.
Bu barədə Prezident Sarayından məlumat verilib.
Məlumata əsasən, Slovakiya Prezidenti ilə yanaşı, Baş nazirin
müavini və müdafiə naziri Robert Kalinyak, Baş nazirin müavini və
iqtisadiyyat naziri Denisa Sakova, Daxili İşlər naziri Matus Şutay
Ştok və Slovakiya Milli Bankının sədri Peter Kazimir də Azərbaycana
səfər edəcəklər.
“Əsas müzakirə mövzuları enerji əməkdaşlığının
dərinləşdirilməsi, Slovakiya ixracının dəstəklənməsi, sənaye və
texnoloji tərəfdaşlığın inkişaf etdirilməsi və iki ölkə arasında
nəqliyyat əlaqələrinin yaxşılaşdırılması olacaq”, – deyə
bildirilib.
Tərəflər həmçinin slovakiyalı tərəfdaşların Azərbaycanın azad
edilmiş ərazilərinin bərpası layihələrində iştirakı imkanlarını
müzakirə edəcəklər.
Bundan əlavə, Pelleqrini həmçinin Ağdama səfər edəcək, Baş
Qərvənd kəndindəki “Ağıllı Kənd” layihəsi ilə tanış olacaq və
general Milan Rastislav Stefanikin adını daşıyacaq yeni məktəbin
təməlqoyma mərasimində iştirak edəcək.
Məlumata görə, iyulun 15-də Slovakiya Prezidenti Bakıda
Azərbaycanın Baş naziri Əli Əsədov və Milli Məclisin sədri Sahibə
Qafarova ilə görüşlər keçirəcək. Səfər çərçivəsində o, həmçinin
Azərbaycandakı Apostol Prefekturasının rəhbəri Vladimir Fekete ilə
görüşəcək.
P. Pelleqrini Şəhidlər xiyabanını ziyarət edəcək, həmçinin
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini
ehtiramla yad edəcək.
Slovakiya prezidentinin Bakıya səfər proqramı çərçivəsində
slovak sahibkarların iştirakı ilə Slovakiya-Azərbaycan Biznes
Forumu da keçiriləcək.
“Məqsəd ticarət əməkdaşlığının genişləndirilməsi, yeni
tərəfdaşlıqların qurulması və Slovakiya şirkətlərinin Azərbaycan
bazarında fəaliyyətinə dəstək göstərilməsi üçün forumu platformaya
çevirməkdir.
Bratislava və Bakı arasında ən yüksək səviyyədə siyasi dialoqun
davam etdirilməsi hər iki ölkənin enerji təhlükəsizliyi, iqtisadi
əməkdaşlıq, innovasiyalar, nəqliyyat və texnoloji tərəfdaşlıqlar
kimi strateji əhəmiyyətli sahələrdə münasibətlərin inkişafına
maraqlı olduğunu təsdiqləyir”, – məlumatda deyilir.

