IV Şuşa Qlobal Media Forumu: Prezident İlham Əliyevin diplomatiya uğurları – Şərh

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada artıq ənənə halını almış
Qlobal Media Forumunun keçirilməsi ölkəmizin açıq dialoqa, obyektiv
informasiya mühitinin formalaşdırılmasına və beynəlxalq
əməkdaşlığın genişləndirilməsinə verdiyi önəmin bariz ifadəsidir.
Forumun ildən-ilə daha geniş iştirakçı coğrafiyasını əhatə etməsi,
dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, ekspertləri və
nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini bir araya
gətirməsi onun beynəlxalq nüfuzunun davamlı şəkildə artdığını
göstərir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Səbinə
Salmanova deyib.

“Prezident İlham Əliyev bu dəfə də təkcə Azərbaycanın prinsipial
mövqeyini ətraflı izah etmədi, həm də regionda və dünyada baş verən
geosiyasi proseslərə dair dolğun təhlillər təqdim etdi. Prezident
İlham Əliyev çıxışında Cənubi Qafqazda dayanıqlı sülhün təmin
olunması, regional əməkdaşlıq perspektivləri, nəqliyyat
dəhlizlərinin inkişafı, enerji təhlükəsizliyi, beynəlxalq hüququn
aliliyi, informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı
mübarizə və medianın artan məsuliyyəti kimi mühüm məsələlərə
toxundu. Dövlət başçısının cavabları bir daha nümayiş etdirdi ki,
Azərbaycan regionda yaranmış yeni siyasi reallıqların müəllifi
olmaqla yanaşı, onların gələcək inkişaf istiqamətlərini
müəyyənləşdirən əsas aktorlardan biridir. Prezident İlham Əliyevin
səsləndirdiyi fikirlər beynəlxalq media nümayəndələrinə ölkəmizin
mövqeyini birbaşa mənbədən öyrənmək imkanı yaratdı və bir sıra
məsələlərə dair mövcud suallara aydınlıq gətirdi. Bu isə
informasiya manipulyasiyalarının və qərəzli yanaşmaların qarşısının
alınması, Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya
obyektiv şəkildə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır”,
– deyə deputat bildirib.

S.Salmanova qeyd edib ki, Prezident İlham Əliyev çıxışında
Azərbaycanın yürütdüyü siyasətin hər zaman əməkdaşlığa yönəldiyini
xüsusi vurğulayıb. Azərbaycan regionda dayanıqlı sülhün və iqtisadi
inteqrasiyanın təmin olunması istiqamətində ardıcıl və konstruktiv
siyasət yürüdür, münasibətlərin normallaşması üçün praktik addımlar
atır.

Rusiyadan, Qazaxıstandan və digər ölkələrdən Ermənistana 40
mindən çox ton müxtəlif təyinatlı yük Azərbaycan ərazisindən
maneəsiz şəkildə daşınıb. Bu fakt Azərbaycanın etibarlı tranzit
ölkəsi statusunu və regionda əməkdaşlıq mühitinin
formalaşdırılmasına verdiyi real töhfəni bir daha nümayiş etdirir.
Ölkəmiz sülh gündəliyini yalnız siyasi bəyanatlarla deyil, konkret
əməli addımlarla dəstəkləyir. Tranzit məhdudiyyətlərinin aradan
qaldırılması, beynəlxalq yükdaşımaların fasiləsiz təmin edilməsi və
regionda iqtisadi əlaqələrin inkişafına yaradılan əlverişli şərait
ölkəmizin konstruktiv mövqeyinin əyani göstəricisidir.

S.Salmanova vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev IV
Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən görüşdə region üçün
əhəmiyyət kəsb edən bir sıra strateji məsələlərə toxunub:
“Prezident İlham Əliyev çıxışında Zəngəzur dəhlizinin vacib layihə
olduğuna diqqəti yönəldərək qeyd etdi ki, bu layihə Azərbaycanı
onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə
birləşdirəcək. Zəngəzur dəhlizi, eyni zamanda, Cənubi Qafqazda
iqtisadi əməkdaşlığın genişlənməsinə, beynəlxalq yükdaşımaların
sürətlənməsinə və regionun tranzit potensialının daha da
güclənməsinə töhfə verəcək. Prezident İlham Əliyev çıxışında ötən
ilin avqustun 8-də Ağ Evdə keçirilən tarixi görüşə də toxundu.
Prezident İlham Əliyev həmin görüş zamanı ABŞ Prezidenti Donald
Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə
üçtərəfli bəyanat imzalandığını, eyni zamanda, hər iki ölkənin
xarici işlər nazirlərinin sülh sazişini parafladıqlarını tədbir
iştirakçılarının diqqətinə çatdırdı. Səsləndirilən bu fikirlər
Azərbaycanın sülh təşəbbüslərinə sadiqliyini, regionda uzunmüddətli
sabitliyin təmin olunmasına yönəlmiş ardıcıl siyasətini və
qarşılıqlı əməkdaşlığın inkişafına verdiyi önəmi bir daha nümayiş
etdirir”.

Deputat onu da söyləyib ki, Prezident İlham Əliyev Şuşa Qlobal
Media Forumu çərçivəsində Azərbaycanın enerji siyasəti və Avropanın
enerji təhlükəsizliyində artan rolu ilə bağlı mühüm açıqlamalar da
verdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Avropa
İttifaqı (Aİ) ölkələrinə təbii qaz tədarükünü genişləndirməklə
bağlı danışıqlar aparır. Bu ilin əvvəlindən Avstriya və Almaniyaya
qaz tədarükünə başlanılması Azərbaycanın Avropa bazarında
mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edən strateji
addımlardan biridir. Bu gün ölkəmiz etibarlı, proqnozlaşdırılan və
məsuliyyətli enerji tərəfdaşı kimi beynəlxalq aləmdə böyük etimad
qazanıb və bu etimad yeni əməkdaşlıq imkanlarının yaranmasına zəmin
yaradır.

“IV Şuşa Qlobal Media Forumu bir daha təsdiqlədi ki, Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız regional deyil, həm
də qlobal əhəmiyyət daşıyan məsələlərin müzakirəsində fəal iştirak
edən, dialoqu təşviq edən və etibarlı tərəfdaş kimi qəbul olunan
dövlətdir. Prezident İlham Əliyevin forum çərçivəsində
səsləndirdiyi fikirlər Azərbaycanın sülhə, əməkdaşlığa və
qarşılıqlı etimada əsaslanan siyasətinin ardıcıl şəkildə davam
etdirildiyini nümayiş etdirdi. Şuşadan dünyaya ünvanlanan bu
mesajlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə,
Azərbaycan həqiqətlərinin qlobal informasiya məkanında daha geniş
yayılmasına və beynəlxalq ictimaiyyətlə etimad münasibətlərinin
dərinləşməsinə mühüm töhfə verir”, – deyə deputat əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir