Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

İyunun 13-də Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Yan
Sanders ilə görüş keçirib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı, Azərbaycan ilə Ümumdünya Gömrük
Təşkilatı arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri,
beynəlxalq ticarətin asanlaşdırılması, sərhəd təhlükəsizliyi,
gömrük sistemlərinin rəqəmsallaşdırılması, qanunsuz ticarətə qarşı
mübarizə, təchizat zəncirlərinin dayanıqlığının gücləndirilməsi və
gömrük sahəsində potensialın artırılması məsələləri müzakirə
olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın ÜGT ilə səmərəli əməkdaşlığa
xüsusi önəm verdiyini vurğulayaraq, ölkəmizdə gömrük sahəsində
həyata keçirilən islahatlar, tranzit imkanlarının genişləndirilməsi
və beynəlxalq ticarətin asanlaşdırılması istiqamətində görülən
işlər barədə məlumat verib. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub
nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfənin regional və
qlobal ticarət əlaqələrinin möhkəmləndirilməsində mühüm rol
oynadığı qeyd edilib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə yeni regional reallıqlar,
sülh prosesi, işğaldan azad edilmiş ərazilərimizdə görülən
quruculuq işləri və infrastruktur layihələri barədə ətraflı məlumat
verib.

Nazir ölkəmizin Avrasiyanın mühüm nəqliyyat və logistika qovşağı
kimi mövqeyinin daha da gücləndirilməsi istiqamətində həyata
keçirilən irimiqyaslı layihələrdən bəhs edib. Bu çərçivədə
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin
artırılması, Orta Dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət
Limanının genişləndirilməsi və Ələt Azad İqtisadi Zonasının
fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq təchizat
zəncirlərində artan rolunun gömrük prosedurlarının səmərəliliyinin
yüksəldilməsi və ticarətin asanlaşdırılması baxımından yeni
imkanlar yaratdığı qeyd olunub.

Tərəflər beynəlxalq gömrük əməkdaşlığının gücləndirilməsinin,
innovativ texnologiyaların tətbiqinin, məlumat mübadiləsinin və
institusional əməkdaşlığın daha da inkişaf etdirilməsinin
əhəmiyyətini vurğulayıblar.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir