
Bakı.Trend:
İran ətrafındakı vəziyyətlə bağlı görüş iyulun 12-də baş tutub.
Müəyyən razılaşmalar əldə olunsa da, Tehran Vaşinqtondan sənədə
bəzi düzəlişlərin edilməsini istəyib. ABŞ tərəfi isə bu
dəyişiklikləri qəbul etmək niyyətində deyil.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına
telefonla verdiyi müsahibədə bildirib.
“Onlarla bağlı hər şey son anda baş verir… Dünən hər şey
razılaşdırılmışdı. Sonra isə onlar otağı tərk etdilər, yenidən zəng
vuraraq dedilər ki, bir neçə dəyişiklik etmək lazımdır. Mən də
dedim: “Dəyişikliklər? … Biz heç bir dəyişiklik etməyəcəyik”, –
deyə ABŞ lideri jurnalistlərə bildirib.
O, həmçinin əlavə edib ki, ABŞ İran İslam Respublikasına qarşı
sərt zərbələr endirməyə hazırlaşır.
Xatırladaq ki, İyunun 17-də ABŞ və İran qarşılıqlı anlaşma
haqqında döyüş əməliyyatlarının dayandırılmasını və danışıqların
yeni mərhələsinin başlanmasını nəzərdə tutan müvəqqəti memorandum
imzalayıblar. Sənədi ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti
Məsud Pezeşkian imzalayıblar. Axios nəşri isə memorandumun
məsafədən rəsmiləşdirildiyini və elektron imzalanmadan sonra
qüvvəyə mindiyini bildirib.
İyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu
bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab
olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini
raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın
danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının
təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir
ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır.
Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki,
iflic vəziyyətə gəlib.

