Azərbaycanda vençur kapitalı fondları yaradılacaq

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda vençur kapitalı fondlarının hüquqi bazası
formalaşdırılacaq.

Trend-in
tədbirdəki müxbirinin xəbərinə görə, bu, Milli Məclisin bugünkü
iclasında müzakirə olunan Əmək Məcəlləsi, Mülki Məcəlləsi, “Valyuta
tənzimi haqqında”, “Banklar haqqında”, “İnvestisiya fondları
haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunda dəyişiklik
edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, layihənin ümumi məqsədi innovasiya fəaliyyətinin
maliyyələşdirilməsi üzrə müasir, habelə beynəlxalq təcrübədə geniş
tətbiq edilən hüquqi və maliyyə alətlərinin milli qanunvericilikdə
tanınmasını təmin etməkdən ibarətdir.

Layihə ilə ilk növbədə vençur kapitalı fondlarının hüquqi bazası
formalaşdırılır. “İnvestisiya fondları haqqında” Qanuna vençur
kapitalı fondu, peşəkar investor, akkreditə olunmuş investor, azad
hesabatlı vençur kapitalı fondu və lisenziyalaşdırılan vençur
kapitalı fondu anlayışlarının əlavə edilməsi nəzərdə tutulur.
Bununla vençur fondlarının yüngül qeydiyyat rejimində və ya
lisenziyalaşdırılan rejimdə fəaliyyət göstərməsi üçün fərqli hüquqi
modellər yaradılır.

Əlavə olaraq, Mülki Məcəlləyə konvertasiya edilən maliyyə
alətləri (Convertible instruments), konvertasiya edilen borc
müqaviləsi (Convertible note) və gələcək iştirak payı haqqında
müqavilə (SAFE) ile bağlı müddəaların əlavə edilməsi təklif olunur.
Bu mexanizmlər investorun vəsaiti startapa dərhal təqdim etməsinə,
həmin vəsaitin isə gələcək maliyyələşmə mərhələsində və ya
likvidlik hadisəsi baş verdikdə paya və ya səhmə çevrilməsinə imkan
verir.

Layihədə korporativ müqavilə institutu və investorların xüsusi
hüquqlarına dair normalar da yer alır. Birgə satış hüququ
(Tag-along right), məcburi satış hüququ (Drag-along right), ilk
imtina hüququ, ləğvetmə zamanı üstünlük, payın və ya səhmin
dəyərsizləşməsi əleyhinə müddəalar, qorunan məsələlər, konvertasiya
hüququ və fərqli səsvermə hüquqları kimi mexanizmlərin hüquqi
əsasları müəyyən edilir.




İşçilərin pay və səhm iştirakı planı haqqında müqavilə (ESOP)
ile bağlı müddəalar da Layihədə nəzərdə tutulur. Bu mexanizmə
əsasən startap və texnologiya şirkətləri işçilərə və idarəetmə
orqanlarının üzvlərinə yalnız əməkhaqqı verməklə kifayətlənməyib,
onlara gələcəkdə şirkətin payını və ya səhmini əldə etmək imkanı
yarada biləcəklər. Bu, xüsusilə yüksəkixtisaslı mütəxəssislərin
cəlb edilməsi və şirkətdə uzun müddət saxlanılması üçün vacib
alətdir. Başqa sözlə, işçi şirkətin uğurunda birbaşa maraqlı olur,
çünki şirkət böyüdükcə onun əldə edə biləcəyi payın və ya səhmin
dəyəri də arta bilər.

Bundan əlavə, layihə ilə “Valyuta tənzimi haqqında” və “Banklar
haqqında” qanunlara rəqəmsal səyyahlar, innovasiya layihələri,
vençur kapitalı fondları, akkreditə olunmuş investorlar və rəqəmsal
xidmətlər üzrə valyuta və bank əməliyyatlarının xüsusiyyətlərini
tənzimləyən müddəalar əlavə edilir. Bu dəyişikliklər innovasiya və
rəqəmsal iqtisadiyyat subyektlərinin xarici ödənişlər, investisiya
qoyuluşları, gəlirlərin repatriasiyası və bank xidmətlərinə çıxışı
sahəsində mövcud inzibati çətinliklərin azaldılmasına xidmət
edir.

Layihənin qəbul edilməsi nəticəsində:

  • innovasiya ve startap ekosisteminin maliyyə dayanıqlığının
    güclənəcəyi, vençur kapitalı fondları, “mələk investor” fəaliyyəti,
    konvertasiya edilən borc müqavilələri və gələcək iştirak payı
    haqqında müqavilələr kimi çevik maliyyələşmə alətləri vasitəsilə
    yerli startapların ilkin investisiyalara çıxış imkanlarının
    genişlənəcəуі;
  • rəqəmsal səyyahların və qeyri-rezident investorların bank,
    valyuta və repatriasiya əməliyyatlarının sadələşdirilməsi hesabına
    xarici kapitalın, intellektual potensialın və yüksəkixtisaslı
    mütəxəssislərin ölkəyə cəlb olunması üçün daha əlverişli şəraitin
    yaradılacağı;
  • işçilərin pay və səhm iştirakı planlarının (ESOP) tətbiqi ilə
    yerli texnoloji şirkətlərə istedadlı kadrları cəlb etmək,
    motivasiya etmək və saxlamaq imkanı veriləcəyi;
  • korporativ müqavilə, birgə satış, məcburi satış, ləğvetmə
    zamanı üstünlük və payın dəyərsizləşməsi əleyhinə müdafiə
    mexanizmlərinin tanınması nəticəsində investorların hüquqlarının
    qorunmasının və korporativ idarəetmənin təkmilləşdirilməsinin təmin
    ediləcəyi;
  • rəqəmsal xidmətlər, proqram təminatı lisenziyaları və bulud
    xidmətləri üzrə ödənişlərin sadələşdirilməsi vasitəsilə yerli
    rəqəmsal biznesin qlobal bazarlara daha sürətli inteqrasiyasına
    imkan yaradılacağı proqnozlaşdırılır.

Ümumilikdə, layihənin qəbulu ilə Azərbaycanın innovasiya və
vençur mühitinin beynəlxalq praktikaya uyğunlaşacağı, innovasiya
ekosisteminə cəlb edilən özəl investisiyaların həcminin artacağı,
yeni vençur fondlarının təsis edilməsi, rəqəmsal iqtisadiyyatın
hüquqi və maliyyə əsaslarının güclənəcəyi və ölkənin regional
innovasiya və investisiya mərkəzi kimi cəlbediciliyinin artacağı
gözlənilir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq
üçüncü oxunuşda qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir