
Bakı.Trend:
Azərbaycanda rəqəmsal transformasiyanın sürətlənməsi,
genişzolaqlı internet infrastrukturunun modernləşdirilməsi,
iqtisadiyyatın müxtəlif istiqamətlərində süni intellektin tətbiqi,
elektron hökumət xidmətlərinin genişləndirilməsi, innovasiya
ekosisteminin gücləndirilməsi və yüksəkixtisaslı İKT kadrlarının
hazırlanması istiqamətində mühüm proqramlar həyata keçirilir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) məlumat
yayıb.
Bildirilib ki, hazırda informasiya və rabitə sektoru qeyri-neft
iqtisadiyyatının yüksək əlavə dəyər yaradan aparıcı
sahələrindəndir.
Məlumata görə, İKT sahəsinin müxtəlif istiqamətləri üzrə
yüksəkixtisaslı kadr hazırlığının sürətləndirilməsi məqsədilə
təlimlər keçirilir və təqaüd proqramları təşkil olunur. Təkcə
“Technest” Təqaüd Proqramı çərçivəsində 10 min yerli mütəxəssis
hazırlanıb.
Bu sahədə fəaliyyət göstərən şirkətlərə, fiziki şəxslərə, xarici
investorlara tətbiq olunan vergi və digər stimullaşdırıcı güzəştlər
sektorun inkişafını və investisiya cəlbediciliyini daha da artırıb.
Hazırda bu güzəştlərin əhatə dairəsinin genişləndirilməsi,
Azərbaycanın regionun ən cəlbedici İKT və innovasiya
ekosistemlərindən birinə çevrilməsi istiqamətində işlər davam
etdirilir. Nəticədə Texnopark rezidentlərinin sayı 182-yə yüksəlib,
onlardan 16-sını xarici şirkətlər təşkil edir.
Azərbaycanın innovasiya ekosisteminin bütün regionlarda inkişaf
etdirilməsi məqsədilə Bakı, Sumqayıt, Naxçıvan və Gəncədə
innovasiya mərkəzləri təsis olunub, yüzlərlə startap üçün mentorluq
proqramları keçirilib.
Ölkənin əsas rəqəmsal hökumət platforması olan “mygov”un
istifadəçilərinin sayı 3,4 milyon nəfəri ötüb. Platformada 400-dan
çox rəqəmsal xidmət istifadəçilərə təqdim edilir.
Görülən işlər nəticəsində 2026-cı ilin I yarımili ərzində
Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri ötən ilin
müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,5% artaraq 2 milyard
manata yaxın olub. Xüsusilə proqram təminatı xidmətlərinin
gəlirləri 28%-ə yaxın artıb ki, bu da ölkədə rəqəmsal həllərə
tələbatın və yerli İKT şirkətlərinin fəaliyyətinin genişləndiyini
göstərir. Nəticədə informasiya və rabitə sektorunun ümumi daxili
məhsulda payı 1,9%-ə yüksəlib.
Rəqəmsal infrastrukturun inkişafı, innovasiya və insan
kapitalına qoyulan investisiyalar Azərbaycanın rəqəmsal
iqtisadiyyatının daha da güclənməsinə, ölkənin beynəlxalq rəqabət
qabiliyyətinin artırılmasına və yüksək texnologiyalar əsasında
formalaşan yeni iqtisadi artım modelinə keçidinə əhəmiyyətli töhfə
verir.

