Unibank ikinci rübün maliyyə nəticələrini açıqladı

Baş səhifə

Bakı. Trend:

Unibank KB 2026-cı ilin ikinci rübünün maliyyə göstəricilərini
açıqlayıb. Bank əsas maliyyə göstəriciləri üzrə müsbət nəticələr
əldə edib.

Hesabat dövründə bankın məcmu gəlirlərinin cəmi 215 milyon
manata yaxınlaşıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37
milyon manat artım deməkdir. Bu dövrə əməliyyat mənfəəti 28,6
milyon manatdan çox, xalis mənfəət isə 17,2 milyon manat təşkil
edib.

Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb.
Hesabat dövrü ilə müqayisədə məcmu kapital 32 % artaraq, 254 milyon
manata yaxınlaşıb. Aktivlərin həcmi isə 499 milyon manat artaraq
2,3 milyard manatı keçib.

Ötən dövrdə bank kapital adekvatlılığı əmsalını xeyli yüksəldib.
Bu göstərici 30 iyun 2026-cı il tarixə 14,57 % təşkil edib.

Son bir ildə Unibank beynəlxalq maliyyə bazarlarındakı mövqeyini
daha da gücləndirərək, nüfuzlu maliyyə qurumlarından 177,5 milyon
manata yaxın maliyyə vəsaiti cəlb edib. Bu vəsaitlər bankın real
iqtisadiyyata dəstəyini daha da genişləndirməsinə, sahibkarlığın və
dayanıqlı layihələrin maliyyələşdirilməsinə töhfəsini bir qədər də
artırmasına imkanlar yaradıb.

Unibank KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini
müvəqqəti icra edən Heybət Qədirov
bildirib ki, bank
2026-cı ilin ikinci rübünü də müsbət dinamika və əhəmiyyətli
nəticələrlə başa vurub: “2026-cı ilin ikinci rübü Unibank üçün
yeni strateji mərhələdə irəliləyişin davam etdiyi dövr oldu. İlk
rübdə formalaşan müsbət dinamikanı qoruyaraq əsas biznes
göstəricilərində inkişafı davam etdirdik. Yeni 3 illik
strategiyamız çərçivəsində daha çevik, rəqəmsal və müştəriyönümlü
bank kimi mövqeyimizi gücləndirməyə fokuslanmışıq. Bu il bankımız
üçün transformasiya ili olaraq qalır. Qarşıdakı dövrdə məhsul və
xidmətlərimizi daha da təkmilləşdirmək, rəqəmsal həlləri
genişləndirmək və real iqtisadiyyata töhfəmizi artırmaq əsas
prioritetlərimiz sırasında olacaq
”.




Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayında
yüksək artım qeydə alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə
nağdsız əməliyyatların həcmi 16%, sayı isə 32 % artıb. Bu ilin
əvvəlindən 30 iyun tarixinədək nağdsız əməliyyatların həcmi 8,1
milyard manatı, sayı isə 283 milyonu ötüb.

Bankın müştəri bazası ötən ilin eyni dövrü ilə müqayisədə 14 %
artdığı üçün ümumi müştəri sayı 2,4 milyon nəfərə yaxınlaşıb.
2025-cı ilin ikinci rübü ilə müqayisədə sahibkar müştərilərin sayı
15 %, hüquqi şəxslərin sayı isə 6 %-dək artıb.

Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib və
ikinci rübün sonuna ümumi depozit portfelinin həcmi 1,4 milyard
manata yaxınlaşıb.

Hesabat dövründə Bankın strateji hədəflərinə uyğun olaraq biznes
kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artmaqla, ümumi kredit
portfelində payını yüksəltməkdə davam edib. Belə ki, ötən ilin
müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi ümumi
portfeldə 46%-dən çox artaraq, 694 milyon manata yaxınlaşıb. Biznes
portfelin tərkibində kiçik biznesə yönələn kreditlərin də payında
ciddi artım olub. 2025-ci ilin 2-ci rübü ilə müqayisədə mikro
kreditlərin portfeldəki payında bu il 53 %-lik artım qeydə alınıb.
Ümumilikdə isə biznes kreditlərinin ümumi kredit portfelində payı
47 %-i keçib.

Bankın ümumi kredit portfelində əvvəlki ilin uyğun dövrü ilə
müqayisədə qeydə alınan artım isə 259 milyon manat təşkil edib və
kredit portfeli ikinci rübün sonuna 1,5 milyard manata
yaxınlaşıb.

Unibank – Sənin Bankın!

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir