
Bakı. Trend:
Tarixə bu günün gözü ilə baxanda bəzən bir sual yaranır: 1969-cu
ilin 14 iyulu niyə bu gün də xüsusi ehtiramla xatırlanır? Cavab
təkcə həmin gün rəhbərlikdə dəyişiklik baş verməsində deyil. Əsas
səbəb odur ki, məhz həmin tarixdən etibarən Azərbaycanın inkişafına
strateji yanaşmanın və gələcəyə hesablanmış dövlətçilik
düşüncəsinin əsası qoyuldu.
Dövlətlərin tarixində elə məqamlar olur ki, onların əhəmiyyəti
illər keçdikcə daha aydın görünür. 14 iyul Azərbaycan üçün məhz
belə tarixlərdəndir. Həmin dövrdə ölkəmiz müstəqil olmasa da,
Heydər Əliyev anlayırdı ki, gələcək güclü dövlət ilk növbədə
peşəkar milli kadrlar, güclü iqtisadiyyat, inkişaf etmiş elm və
təhsil, milli-mənəvi dəyərlərə bağlı cəmiyyət üzərində
qurulmalıdır. Buna görə də həyata keçirilən siyasət yalnız dövrün
tələblərinə deyil, Azərbaycanın gələcəyinə hesablanmışdı.
Sonrakı hadisələr göstərdi ki, bu yanaşma təsadüfi deyildi.
Müstəqilliyimizin ilk illərində dövlətçiliyimizin qorunması, hüquqi
dövlət quruculuğu və Azərbaycanın inkişaf yolu həmin strateji
baxışın nə qədər möhkəm təməllərə söykəndiyini təsdiqlədi.
Ümummilli Lider Heydər Əliyev deyirdi: “Həyatda insan hər şeyi
öyrənir, iki keyfiyyətdən başqa: sədaqət və cəsarət. Bu
keyfiyyətlər insanın qanında olur.”
Bu fikir əslində dövlət idarəçiliyinin də fəlsəfəsidir. Dövlətə
sədaqət olmadan milli maraqları qorumaq, cəsarət olmadan isə
taleyüklü qərarlar qəbul etmək mümkün deyil. Heydər Əliyevin siyasi
fəaliyyətinin əsasını da məhz bu dəyərlər təşkil edirdi.
Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həmin
siyasi kurs yeni tarixi şəraitdə uğurla davam etdirilir.
Azərbaycanın suverenliyinin tam bərpa olunması, beynəlxalq
nüfuzunun möhkəmlənməsi və milli maraqlarının qətiyyətlə müdafiə
edilməsi bu strateji varisliyin ən parlaq nəticələridir.
14 iyul təkcə keçmişə ehtiram günü deyil. Bu tarix bizə
xatırladır ki, dövlətlərin gücü yalnız iqtisadi və hərbi imkanlarla
deyil, uzaqgörən liderlik, dövlətə sədaqət və cəsarətli qərarlarla
müəyyən olunur. Məhz buna görə 14 iyul Azərbaycan dövlətçilik
tarixində xüsusi məna daşıyan dönüş nöqtələrindən biri kimi
qalır.
Əminə Ağazadə
Milli Məclisin deputatı

