
Bakı.Trend:
Çinin “DeepSeek” şirkətinin təsisçisi Lyan Venfen süni intellekt
modellərinin yaradıcıları arasında dünyanın ən varlı sahibkarı
olub.
Bu barədə “Bloomberg” məlumat yayıb.
“Bloomberg Billionaires Index”in məlumatına görə, Lyanın sərvəti
iki dəfədən çox artaraq 16,7 milyard dollardan 36 milyard dollara
yüksəlib. Bununla da o, “Anthropic” şirkətinin həmtəsisçisi Dario
Amodei və “OpenAI”nin həmtəsisçisi Qreq Brokmanı geridə qoyub.
Lyanın sərvətinin əsas hissəsini “DeepSeek” şirkətindəki payı
təşkil edir. Agentliyin məlumatına görə, investorların yüksək
marağı nəticəsində şirkətin dəyəri aprellə müqayisədə təxminən beş
dəfə artıb. Həmin vaxt şirkət 10 milyard dollar dəyərində
qiymətləndirilirdi.
2026-cı ilin iyununda keçirilən və həcmi 7,4 milyard dollar olan
investisiya raundundan sonra “DeepSeek”in dəyəri 50 milyard dollara
çatıb. Lyan bu raund çərçivəsində 3 milyard dollar sərmayə
yatırdığından, onun şirkətdəki payı təxminən 78 faizə enib.

