
Bakı. Trend:
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları
sektorunda çalışanların sayının 40 min nəfərə çatdırılması
hədəflənir.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu rəqəmsal inkişaf və
nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Rəqəmsal arxitektura:
Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” mövzusunda keçirilən
dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda İKT sektorunda təxminən 25 min
nəfər çalışır və 2026-2028-ci illər üzrə Fəaliyyət Planı
çərçivəsində bu göstəricinin 40 min nəfərə çatdırılması nəzərdə
tutulur.
R.Həsənov bildirib ki, məqsəd yalnız məşğulluğun artırılması
deyil, eyni zamanda süni intellekt, data analitikası və digər
yüksək əlavə dəyər yaradan sahələr üzrə ixtisaslı mütəxəssislərin
sayının artırılmasıdır.
Nazir müavini qeyd edib ki, bu istiqamət rəqəmsal iqtisadiyyatın
inkişafı üzrə əsas nəticə göstəricilərindən biri kimi müəyyən
edilib.

